Yeniyetmə güləşçilərimizdən möhtəşəm qələbə

Polşa paytaxtı Varşavada yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçirilir. Yarışın ilk günü mübarizəyə qoşulan sərbəst güləş üzrə millimiz 2 qızıl və 2 bürünc medal qazanıb. Elçin Məmmədov (58 kq) və Pərviz Axundov (85 kq) bütün rəqiblərini üstələyərək, qızıl medal qazanıblar. Məmmədhüseyn Həsənov (50 kq) və Şamil Sədullayev (69 kq) bürünc mükafata sahib çıxıblar.

Bu gün digər 5 çəki dərəcəsində sərbəst güləş yarışları keçiriləcək.

Həlledici görüşündə Almaniya təmsilçisindən üstün olan Ruslan Qasımov (46 kq) fəxri kürsünün ən yüksək pilləsinə çıxıb. Yalnız finalda uduzan Pərviz İbrahimov (54 kq), Orxan Şərifov (76 kq) və Ruslan Hacıyev (100 kq) gümüş medala yiyələniblər. 63 kq çəkidə mübarizə aparan Hacımurad Ömərov ilk görüşdə erməni təmsilçisini tam üstünlüklə məğlub edib. Fransa və Ukrayna güləşçilərini də üstələyən Hacımurad, yarımfinalda gürcü təmsilçisi ilə gərgin keçən görüşdə uduzaraq, bürünc medal qazanmaq şansı əldə edib. İsrail təmsilçisi ilə bu görüşü də qələbə ilə başa vuran pəhləvanımız, Avropa çempionatının bürünc medalına sahib olub.

Qeyd edək ki, ilk gün mübarizəyə qoşulan 5 təmsilçimizdən 4-ü medal qazanmışdı. Elçin Məmmədov (58 kq) və Pərviz Axundov (85 kq) qızıl, Məmmədhüseyn Həsənov (50 kq) və Şamil Sadullayev (69 kq) bürünc mükafata sahib çıxmışdılar.

3 dəst medal qazanan yığmamız, 81 xal toplamaqla, komanda hesabında Avropa çempionatının ən güclüsü olub. 2-ci yeri 69 xalla Rusiya, 3-cü yeri isə 68 xalla Ukrayna tutub.

Polşa paytaxtı Varşavada güləş üzrə yeniyetmələrin Avropa çempionatı davam edir. Avqustun 11-də yeniyetmə qızlar mübarizəyə qoşulublar. Qızlarımız 1 gümüş və 1 bürünc medal qazanıblar.

65 kq-da Raqneta Qurbanzadə finala qədər maneəsiz irəliləyib. Həlledici mərhələdə o, İsveç təmsilçisi ilə gərgin keçən görüşdə uduzaraq, gümüş medalla kifayətlənib.

38 kq çəkidə mübarizə aparan Sahilə Ələkbərova 1/4 finalda Belarus təmsilçisinə qalib gəlsə də, yarımfinalda Rusiya güləşçisinə uduzub. Bolqarıstan güləşçisi ilə görüşdən qalib ayrılan təmsilçimiz, bürünc medala sahib olub.

Rəqabətə ən axırda qoşulan yunan-Roma güləşçilərimizin medal məhsuldarlığı yüksək olub. Kərim Cəfərov (46 kq), Murad Bazarov (50 kq), Murad Məmmədov (54 kq) və Elman Muxtarov (58 kq) bütün görüşlərdə qalib gəliblər. Ramiz Məmmədov (42 kq), Hacımurad Bağmanov (69 kq) və Hacımurad Çopsiyev (100 kq) isə bürünc medala yiyələniblər.
65 xal toplayan güləşçilərimiz komanda hesabında 2-ci yerə çıxıblar.

Xəbər 1360 dəfə oxundu.