Yeniyetmə sərbəst güləşçilərimiz 1-ci oldular

Polşa paytaxtı Varşavada güləş üzrə yeniyetmələrin Avropa çempionatı dava edir. Yarışın 2-ci günündə sərbəst güləş yığmamızın üzvləri fərqləniblər: 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.
Həlledici görüşündə Almaniya təmsilçisindən üstün olan Ruslan Qasımov (46 kq) fəxri kürsünün ən yüksək pilləsinə çıxıb. Yalnız finalda uduzan Pərviz İbrahimov (54 kq), Orxan Şərifov (76 kq) və Ruslan Hacıyev (100 kq) gümüş medala yiyələnibləb. 63 kq çəkidə mübarizə aparan Hacımurad Ömərov ilk görüşdə erməni təmsilçisini tam üstünlüklə məğlub edib. Fransa və Ukrayna güləşçilərini də üstələyən Hacımurad, yarımfinalda gürcü təmsilçisi ilə gərgin keçən görüşdə uduzaraq bürünc medal qazanmaq şansı əldə edib. İsrail təmsilçisi ilə bu görüşü də qələbə ilə başa vuran pəhləvanımız, Avropa çempionatının bürünc medalına sahib olub.
Qeyd edək ki, ilk gün mübarizəyə qoşulan 5 təmsilçimizdən 4-ü medal qazanmışdı. Elçin Məmmədov (58 kq) və Pərviz Axundov (85 kq) qızıl, Məmmədhüseyn Həsənov (50 kq) və Şamil Sadullayev (69 kq) bürünc mükafata sahib çıxmışdılar.
3 dəst medal qazanan yığmamız 81 xal toplamaqla, komanda hesabında Avropa çempionatının ən güclüsü olub. 2-ci yeri 69 xalla Rusiya, 3-cü yeri isə 68 xalla Ukrayna tutub.

Xəbər 1208 dəfə oxundu.