Taekvondoçularımız ciddi sınaq ərəfəsində

Azərbaycan taekvondoçuları daha bir məsul yarış ərəfəsindədirlər. Milli komandanın əsas üzvləri yaxın günlərdə Çinin Şenjen şəhərində XXVI Yay Universiadasına son hazırlıq məşqlərini keçirlər. Universiadanın kişilər arasında baş məşqçi Ələkbər İmaməliyevin rəhbərliyi ilə Samir Aydınov (46 kq), Vüsal Məmmədov (58 kq), Fariz Əliyev (68 kq), Elvin Məmmədov (74 kq), Ramin Əzizov (80 kq), Ceyhun Həsənli (87 kq) və Aydın Bəhmalovdan (+87) ibarət heyət iştirak edəcəklər. Xəyalə Quliyeva (46 kq), Türkanə Tahirli (49 kq), Günay Ağakişiyeva (57 kq), Səbinə Mikayılova (62 kq) və Kim Vonk Yunq (67 kq) isə yarışda qadınlardan ibarət seçmə komandanın baş məşqçisi Sun Mi Parkın rəhbərliyi altında iştirak edəcəklər.
Qeyd edək ki, iyulun əvvəlindən Cənubi Koreya Respublikasında təlim- məşqlərdə olan qadınlardan ibarət milli komandamızın 4 üzvü artıq vətənə dönüb. İdmançılarımız Busan şəhərində hazırlıqlar zamanı 2 beynəlxalq yarışda iştirak ediblər. “Chung Cheon Open”də Fəridə Əzizova (67 kq) qızıl, Günay Ağakişiyeva (57 kq) isə gümüş medal qazanıb. “Gyeong nam Open” turnirində isə Səbinə Mikayılova (62 kq) birinci yeri, Türkane Tahirli (49 kq) ikinci pilləni tutub.
Taekvondoçularımız qarşıdakı məsul yarışa avqustun 15-də yola düşəcəklər. XXVI Yay Universiadasının taekvondo yarışları 18-23 avqustda keçiriləcək.

Xəbər 1163 dəfə oxundu.