Şirvanda Olimpiya İdman Kompleksi istifadəyə verilib

İyulun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şirvan Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.
Dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.
Bu kompleksin təməli Prezident İlham Əliyevin 2010-cu ilin aprelində Şirvana səfəri zamanı qoyulub.
Gənclər və idman naziri Azad Rəhimov dövlətimizin başçısına məlumat verdi ki, ümumi sahəsi 4,5 hektar olan Olimpiya İdman Kompleksinin həyətində geniş abadlıq-quruculuq işləri görülüb. Burada idmanın bir çox növləri ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb. Kompleksin binasının foyesində ümummilli lider Heydər Əliyevin idmançılara göstərdiyi qayğını, sovet və müstəqillik dövrlərində Şirvana səfərlərini əks etdirən fotolardan ibarət stend yaradılıb. Burada Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqəti və bu rayona səfərlərini əks etdirən fotolar da böyük maraq doğurur.
Bildirildi ki, Şirvan Olimpiya İdman Kompleksində 20 otaqdan ibarət 44 yerlik müasir mehmanxana da fəaliyyət göstərəcək. Burada qonaqların və idmançıların qalması, istirahəti üçün hər cür şərait yaradılıb. Kompleksdəki yeməkxana da müasir səviyyədədir.
Kompleksdə yaradılan şəraitlə tanışlıq zamanı Prezident İlham Əliyevə Olimpiya Hərəkatı Muzeyinin, eləcə də Əl Oyunları Sarayının əsaslı təmir və yenidənqurma layihələri barədə məlumat verildi.
Dövlətimizin başçısına bildirildi ki, kompleksdə müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı və inzibati otaqlar mövcuddur. Burada müasir idman qurğuları ilə təchiz edilmiş trenajor, cüdo, güləş, boks zalları, sauna və bilyard otağı da fəaliyyət göstərəcək. Bu müasir kompleksin idman zalında 980 tamaşaçı yeri vardır. Zalda idmançılar mini futbol, voleybol və basketbol ilə məşğul olacaqlar. Burada istər yerli, istərsə də beynəlxalq əhəmiyyətli idman tədbirləri keçirmək mümkün olacaq. Kompleksin ümumi uzunluğu 50 metr olan üzgüçülük hovuzu da müasir səviyyədə yaradılıb. İdman qurğusunun həyətində 1020 yerlik futbol stadionu, mini futbol, basketbol meydançası inşa edilib.
Prezident İlham Əliyev Şirvan Olimpiya İdman Kompleksində yaradılmış şəraiti yüksək qiymətləndirdi.
Qeyd edək ki, 1997-ci ildə Azərbaycanda Olimpiya hərəkatında yeni mərhələnin başlanması ilə ölkəmiz dünyanın idman ailəsinə daxil olub. Bu sahənin sürətli inkişafının təmin edildiyi Azərbaycan artıq beynəlxalq əhəmiyyətli idman yarışlarının keçirilməsi üçün əlverişli məkana çevrilib.
2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strategiyaya uyğun olaraq idman ölkədə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Ölkəmizin idman statusunun daha da möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər görülüb. Bu dövrün əsas xarakterik xüsusiyyəti ölkədə geniş maddi-texniki bazaya malik idman infrastrukturunun yaradılması, bu sahənin inkişafı ilə bağlı dövlət proqramlarının qəbul olunması, idmançıların sosial problemlərinin həllinə dair daha təsirli tədbirlərin görülməsi idi. İlk növbədə, regionlar da daxil olmaqla bütün ölkə üzrə beynəlxalq standartlara malik yeni, müasir idman qurğularının, Olimpiya idman komplekslərinin tikilməsinə başlanıb və bu məqsədə yüksək səviyyədə nail olunub. Bununla da ölkədə yeni idmançı nəslinin yetişməsini, idmanın kütləviliyinin təmin olunmasını qarşıya əsas məqsəd qoyan Prezident İlham Əliyevin bu sahənin inkişafına göstərdiyi diqqət və qayğı idmançılarımızın beynəlxalq yarışlarda yüksək nəticələr qazanmasına gətirib çıxarıb. Azərbaycan atletlərinin Atlanta Yay Olimpiya Oyunlarından başlayan zəfər yolu Sidney, Afina, Pekin və Londonda yüksək nəticələrin qazanılmasına rəvac verib. Beləliklə, Azərbaycan dünya idman aləminə nəhəng mərkəzlərdən biri kimi daxil olur. Bu məsələdə Prezident İlham Əliyevin göstərdiyi səylər ölkəmizin idman sahəsində yetərincə nüfuz qazanması ilə nəticələnir. İlk Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsi ilə bağlı qərar isə ölkəmizin yürütdüyü idman siyasətinə dünyada göstərilən etimadın təzahürüdür. Heç şübhəsiz ki, ölkəmiz bu sınaqdan da uğurla çıxacaq və idman dövləti kimi statusunu daha da möhkəmləndirəcək.

Xəbər 5134 dəfə oxundu.