“Baku Alovları”nın rəqibləri məlum oldu

Qazaxıstan paytaxtı Astanada AİBA İcraiyyə Komitəsinin iclasından sonra WSB liqasının yeni mövsümünün püşkü atılıb. Yeni mübarizədə 12 komanda 2 qrupa bölünəcək. “Baku Fires” klubu “B” qrupunda yarışın son qalibi “Paris United”, Çinin “Bejing Dragons”, Türkiyənin “İstanbulls”, ABŞ-ın “Mayami Gallos” və Almaniyanın eyni adlı klubları ilə mübarizə aparacaq. “A” qrupunda isə “Pohang Poseidons” (Cənubi Koreya), “Dinamo” (Rusiya), “Mumbai” (Hindistan), Milano Thunder (İtaliya), “Los Angeles Matadors” (ABŞ) və “Astana Arlans” (Qazaxıstan) komandaları yer alıb. Hər qrupda ilk 4 yeri tutan klublar 1/4 finalda yarışmaq hüququ qazanacaqlar.
Qeyd edək ki, ötən ildən fərqli olaraq, Hindistan və Almaniya təmsilçiləri WSB proyektinə yeni qoşulublar. “Baku Fires” klubu qrup mərhələsində ilk görüşünü doğma divarlar arasında Çinin “Bejing Dragons” komandasına qarşı keçirəcək. Yeni mövsümə noyabrın 11-də start verilməsi nəzərdə tutulub. Xatırladaq ki, “Baku Fires” klubu ötən il WSB liqasında yarımfinala kimi irəliləsə də, 2 görüşün nəticəsinə əsasən “Paris United”ə məğlub olmuşdu.

Xəbər 1117 dəfə oxundu.