Toni Adams: “Bu mövsüm daha iddialı olacağıq”
Qəbələdə I “Jalə” beynəlxalq futbol turnirinə yekun vurulub. Bazar günü saat 10:00-da keçirilmiş 3-cü yer uğrunda oyunda “Qəbələ” Gürcüstanın “Spartak” (Sxinvali) klubu ilə görüşüb. Qonaqlar 2-ci hissənin ortalarında vurduqları yeganə qolla qalib gəliblər.

Saat 18:00-da isə final oyunu başlanıb. Gəncə “Kəpəz”i Gürcüstanın digər təmsilçisi - Qorinin “Dila” klubu ilə qüvvəsini sınayıb. Mehman Allahverdiyevin baş məşqçi postuna dönüşündən sonra ilk mükafatını qazanmaq iddiasında olan gəncəlilər 2-ci hissədə buraxdıqları qolla məğlub olublar.
Beləliklə, turniri “Dila” 1-ci, “Kəpəz” 2-ci, Sxinvali təmsilçisi 3-cü, qəbələlilər isə sonuncu yerdə bitiriblər.
Final görüşündən sonra mükafatlandırma mərasimi keçirilib. Qalib komandalarla yanaşı, fərdi mükafat da sahibini tapıb. Finalın taleyini həll edən David Razanaşvili turnirin ən yaxşı futbolçusu seçilib. Ona mükafatı “Qəbələ”nin baş məşqçisi Toni Adams təqdim edib. Sonda baş məşqçilərin iştirakı ilə mətbuat konfransı keçirilib. Mütəxəssislər turnirdən razılıqlarını dilə gətirərək, təşkilatçılara təşəkkür ediblər. Qaliblərin məşqçisi 1-ci yeri tutacaqlarını gözləmədiyini, lakin bunun yerinə düşdüyünü bildirib. Badri Kvaratsxeliya turnirlə bağlı arzusunu açıqlayıb: “İstərdim ki, gələcəkdə mənim sevimli komandam “Şəmkir” də bu turnirdə iştirak etsin”.
“Uduzmağımıza baxmayaraq, yaxşı oynadıq. Əlimizə düşən fürsətlərdən istifadə etsəydik, nəticə başqa cür olacaqdı. Vurmayana vurarlar”. Bunu “İdman” qəzetinə açıqlamasında “Spartak”la (Gürcüstan) görüşdən sonra “Qəbələ”nin futbolçusu Saşa Yunsoğlu deyib. Onun fikrincə, məğlubiyyətə digər səbəb “Dumanlı Albion”da təşkil edilmiş təlim-məşq toplanışından irəli gələn yorğunluq və iqlimə uyğunlaşmamaqdır: “İngiltərədə havalar sərin və yağışlı olurdu. Xeyli müddət orada qaldığımızdan, mühitə öyrəşmişdik. Soyuq havadan çıxıb birdən-birə isti yerə düşmək, az müddətə istirahət etmək, istər-istəməz, oyuna öz mənfi təsirini göstərdi”.
“Kəpəz” klubunun aparıcı üzvü Ceyhun Sultanov əməkdaşımızla söhbətdə meydan sahiblərinin məğlub olacağını gözləmədiyini bildirib: “Qəbələ”nin ilk oyunda “Dila”ya 1:3 hesabı ilə məğlub olması, meydana 2-ci heyətin buraxılmasının nəticəsi idi. Növbəti matçda ev sahibləri əsas heyətlə oynasalar da, sonda yorğunluq öz sözünü dedi.
Ümumiyyətlə, belə yarışlar hər il keçirilsə, əla olar. Oyun təcrübəsini yaxşılaşdırmaq baxımından belə turnirlər faydalıdır. Əlbəttə, rəqiblər də güclü idi. Onlar texnikalı və sürətli futbol nümayiş etdirirdilər”.
Yarımmüdafiəçi, “Kəpəz”in Premyer Liqaya hazırlığının normal qaydasında getdiyini də bildirib: “Ölkə çempionatına hazırlığımız yaxşı keçdi. İndi komandanın komplektləşməsi gedir. Baş məşqçimiz Mehman Allahverdiyev gələn legionerləri sınaqdan keçirir. Komandamız güclənməlidir. Əks halda, Premyer Liqada oynamaq bizə çətin olacaq”.
“Qəbələ” klubunun baş məşqçisi Toni Adams turnir çərçivəsində brifinq keçirib. İngilis mütəxəssis azərbaycanlı jurnalistlərin çoxsaylı suallarını cavablandırıb. O, İngiltərə səfəri və “Jalə” beynəlxalq turniri barədə bunları deyib:
- Təkcə London toplanışı yox, ümumiyyətlə, mövsümə 6 həftəlik hazırlıq haqda danışmaq istərdim. Hazırlığın iki həftəsini burada keçirdik. Daha sonra düşündüm ki, keçən mövsümlə müqayisədə daha çox yoxlama oyunları keçirməliyik. Londonda 5 oyun keçirdik. Hər futbolçu mövsümöncəsi 3,5 oyun keçirmək imkanı əldə etdi. Bir şey də var ki, indi 6 futbolçumuz milli komandaya gedir. Artıq çempionata rahat başlaya bilərik.
Yoxlama oyunlarında 8 qol vurduq, 9-nu buraxdıq. Əfsus ki, ötən mövsümlə müqayisədə çox qol vursaq da, çox da buraxırıq. Düşünürəm ki, seneqallı hücumçumuz Viktor Mendi bu il çempionatın bombardiri olacaq. Braziliyalı Dodo yarımmüdafiəçi olsa da, çox qol vura bilər. Bir sözlə, sizləri böyük sürprizlər gözləyə bilər.
“Jalə” beynəlxalq futbol turnirinə gəldikdə, ağır təlim-məşq toplanışından sonra ilk matçda əsas heyəti meydana buraxa bilməzdim. 10 gün ağır məşqlər, yol yorğunluğu təsirini göstərdi. Ona görə, biz əvəzedici heyətə, akademiyamızın futbolçularına şans verdik. Onların oyun praktikasına ehtiyacları var. Firkimcə, bu yarış Premyer Liqa oyunları öncəsi bizə faydalı oldu.

Kamran HACI
Bakı-Qəbələ-Bakı

Xəbər 1129 dəfə oxundu.