Vera Zvonaryova “Baku Cup”ın qalibi oldu
Bakı Tennis Akademiyasında qadınlar arasında WTA seriyalı “Baku Cup” Beynəlxalq tennis turnirinə yekun vurulub.
Cütlüklərin final qarşılaşmasında Mariya Koritseva (Ukrayna)/Tatyana Poutçek (Belarus) cütlüyü Monika Nikulesku (Rumıniya) və Qalina Voskobayeva (Qazaxıstan) üzərində qələbə qazanıblar.
Ümumilikdə 280 reytinq xalı qazanmış Koritseva-Poutçek cütlüyünə 11000 ABŞ dolları dəyərində mükafat verilib. Turnirdə 2-ci yerin sahibi Nikulesku-Voskobayeva cütlüyü 200 reytinq xalı ilə yanaşı, 5750 dollar dəyərində pul mükafatı əldə edib.
Qaliblərə mükafatları Azərbaycan Tennis Federasiyasının baş katibi İlham Quliyev, “Baku Cup” turnirinin direktoru Leyla Mesxi, WTA-nın rəsmi nümayəndəsi Martina Lutkova və “Oriflame” şirkətinin baş meneceri Kristin Roemhild təqdim ediblər.
Tək mübarizədə final qarşılaşmasında Rusiyanın iki idmançısı - Vera Zvonaryova və Kseniya Pervak üz-üzə gəliblər. Turnirin reytinq favoriti Vera Zvonaryova rəqibini 6:1, 6:4 hesabı ilə məğlub edərək, “Baku Cup”un qalibi olub.
Vera Zvonaryova “Baku Cup” turnirində 280 reytinq xalı və 37000 ABŞ dolları qazanıb. Bu turnirin ikincisi Kseniya Pervak isə 200 reytinq xalı ilə yanaşı, 19000 dollar mükafat əldə edib.
Oyundan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə mükafatları gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Tennis Federasiyasının baş katibi İlham Quliyev, “Baku Cup” turnirinin direktoru Leyla Mesxi, WTA-nın rəsmi nümayəndəsi Martina Lutkova və “Oriflame” şirkətinin meneceri Kristin Roemhild təqdim ediblər.
Yarışda ölkəmizin yeganə təmsilçisi Kamilə Fərhad fərdi mübarizədə güclü fransalı rəqibi Aravane Rezaiyə 0:6, 2:6 hesabı ilə məğlub olub. Cütlərin yarışına özbəkistanlı Nigina Əbdürrəhimova ilə birgə gürcüstanlı Sofiya Kvatsabiya və rusiyalı Marina Şamaykova üzərində qələbə ilə başlamış Kamilə ikinci görüşündə məğlub olub. Nigina Əbdürrəhimova ilə birgə yarışan tennisçimiz gələcək finalçılar - Monika Nikulesku (Rumıniya) və Qalina Voskobayeva (Qazaxıstan) cütlüyünə 2:6, 4:6 hesabı ilə məğlub olaraq, yarışda iştirakını dayandırıb.

Xəbər 1501 dəfə oxundu.