Vladislav Qədirovun köməkçiləri bəlli oldu
Artıq "Rəvan”da rəsmən fəaliyyətə başlayan yeni baş məşqçi Vladislav Qədirovun köməkçiləri müəyyənləşib.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 42 yaşlı mütəxəssisə Azərbaycan futbolunun məşhur simaları - Fərrux İsmayılovla Xəqani Məmmədov yardım edəcək.

Fərrux İsmayılov karyerası ərzində "Dinamo”, "Neftçi”, "Sanat Neft” (İran), "Volın” (Ukrayna), "Qarabağ”, "Karvan”, "MKT Araz”, "Olimpik” və "Qəbələ” klublarında oynayıb. O, futbolçu kimi son olaraq məhz Qədirovun rəhbərliyi altında "Muğan”da çıxış edib. Azərbaycan milli komandasında 34 oyuna 4 qol vuran futbolçu karyerasını bitirəndən sonra məşqçi kimi də fəaliyyət göstərib. O, "Bakı” klubunun aşağı yaş qruplarında işləyib.

Karyerası boyunca "Neftçi”, OİK, "ANS Pivani”, "Şəmkir”, "Maşınsazi” (İran), "Xəzər Lənkəran”, "Olimpik”, "İnter” kimi klublarda top qovan Xəqani Məmmədov da Azərbaycan milli komandasının formasını geyinib və 20 oyuna 1 qol vurub. O, məşqçilik karyerasına 2011-ci ildə Bakı "İnter”ində başlayıb və paytaxt təmsilçisinin 11 yaşa qədər futbolçulardan ibarət komandasına rəhbərlik edib. Daha sonra isə "Qəbələ" Futbol Akademiyasında çalışıb.

Xəbər 913 dəfə oxundu.