Azərbaycan idmanına ümid və inamın qayıdış günü

İdman gələcəyə qoyulan kapitaldır. Onsuz azad düşüncə, azad insan, azad gələcək də olmur. Üstəlik, idman tətbiqi sahədir. Burada hansısa fərziyyələr heç bir rol oynamır. Baş verən hər bir hadisə və onun ardıcıllığı həm də qiymət nümunəsidir
İyulun 31-də Azərbaycan idmanının növbəti belə bir tarixinin əlamətdar günü idi. 14 il əvvəl - 1997-ci ilin bu yay günündə ölkə bədən tərbiyəsi və idman ictimaiyyətinin xahişinə müsbət cavab verən cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildi. Doğrudur, yeni yaranmış dövlətin beynəlxalq aləmdə haqq səsini çatdırmaq, xüsusən, Qarabağ həqiqətlərini dünyaya yaymaq uğrunda böyük mübarizədə olan, Azərbaycanın gələcək iqtisadi inkişafının barometri olan neft potensialının açılması uğrunda çalışan İlham Əliyevin böyük yenilikçilik kursu tələb edən daha bir fərqli sahədə əsl liderə çevrilməsi ondan əsl şücaət tələb edirdi. Lakin dövrün tələbi bu idi. O, keçdiyi məktəbin layiqli davamçısı kimi, bu işə qol qoymaqla Azərbaycan idmanında yeni eraya start verdi.

SSRİ-nin dağılması ilə idmanımızın peşəkar relslər üzərinə keçməsi labüd idi. Bu səbəbdən idmançıların şəraiti, ilk növbədə, maddi təminatı xeyli aşağı düşdü. Dövlətin qarşısında böyük vəzifələr və problemlər var və o, təkcə idmançıların bütün ehtiyaclarını, bütün tələbatını ödəməklə məşğul olmamalıdır, - deyən idmanımızın lideri artıq seçdiyi yolu, bədən tərbiyəsi və idmanımızın yeni binasının təməl daşlarının da necə qoyulmalı olduğunu aydın görürdü və onun başçılığı ilə avqustun 26-da keçirilən MOK-un iclasından sonra o, bənd-bənd bu binanın qoyulacaq daşlarını bir-bir göstərdi.


Müasir dövrdə idmanın rolu və imkanları danılmazdır. O, təkcə dövlətin sabahının meyarı, mədəni inkişafın bir qanadı, sosial təsir qüvvəsinə malik vasitə deyil, həm də beynəlxalq aləmdə ölkənin tanınması üçün bir vasitə, onun geniş imkanlarının göstəricitsi və təbliğatçısıdır. Bununla yanaşı, idman həm də bu günün iqtisadi potensialının qollarından biridir.

Ötən əsrin sonlarında yenicə yaranmış bir dövlət üçün bütün bunlar bir xəyal idi. Amma cəmi bir neçə il kifayət etdi ki, bu xəyallar gerçəkliyin aynasına çevrilsin və bütün bunları idmanımızın lideri MOK rəhbəri seçildiyi anda aydın təsəvvür edirdi və ilk proqram xarakterli çıxışında onun qeyd etdiyi məqamlara bir-bir nəzər salmaq da yetər:

1. “İşi lazımi axara yönəltməyi və idmana investorların, özəl sektor nümayəndələrinin cəlb edilməsini özümə ən ümdə vəzifə hesab edirəm".
Bu mənada ilk böyük uğurları elə ilk olimpiadanın yekunundan sonra təkcə dövlətin və MOK-un deyil, eyni zamanda işgüzar dairələrin idmançılara verdiyi mükafatlarda da əyani görmək olurdu. Təkcə hər olimpiadadan sonra idmançılara verilən mükafat və hədiyyələri müqayisə etsək, bunun nə demək olduğunu aydın görmək olar. Lakin bu gün ən güclü sənaye müəssisələri, maliyyə sektoru məhz idman sahəsində yeni yatırımlar etməyə can atır. Artıq yavaş-yavaş elə bir dövrə qədəm qoyuruq ki, idman onlar üçün həm də özünəxas təbliğat və təsir vasitəsinə çevrilir. Bu isə idmanın inkişafı, idmançının uğurları ilə iqtisadi tərəfdaşa, federasiya, klub və cəmiyyətlərin investisiya yatırımları mərkəzinə çevrilməsi sayəsində baş verir.

2. “Əksər layiqli və güclü idmançılarımız Vətəni tərk edərək, başqa ölkələrin şərəfini qoruyurlar. Onların ölkəyə qaytarılması bu istiqamətdə görüləcək işlərin önündə gəlir".
Sovet dövründə Azərbaycanda əksər idman növlərində ənənələr məktəbi yetişmişdi. Sözsüz ki, bütün bunlar uzun illərin məqsədyönlü addımlarının bəhrəsi idi. Bunu beynəlxalq arenalarda SSRİ yığmasının tərkibində uğurlar qazanan idmançıların timsalında əyani görmək də olar. Amma Sovet dövlətinin tənəzzülü ilə bu miras ən qısa müddətdə məhv olmaq həddinə çatdı. Qayıdışın bəhrəsini təkcə bir əyani misalla göstərmək də olar: ölkəni tərk etmiş Azərbaycan voleybolçular nəsli əsrin əvvəllərində bu idman növündə böyük dəyişikliklərə səbəb oldular. Amma tək bu deyil, çox belə növləri sadalamaq olar. Xüsusən cüdo, güləş, boks, ağırlıqqaldırma, həndbol və bir çox növlərdə inkişafın təkanverici qüvvəsi məhz ölkə xaricində olan idmançı və mütəxəssis ehtiyatının dönüşü idi. Bu, təkcə uğurlara aparan yol deyildi, eyni zamanda, idmana marağın, ona inam və etibarın başlanğıcı oldu.

3. “Biz həm Azərbaycanda fəaliyyətdə olan, həm də, əməli yox olmuş növləri ayağa qaldırıb inkişaf etdirməyə borcluyuq".
Beynəlxalq arenalarda qazanılan uğurların növlər üzrə göstəricilərinə diqqət edib, onların ötən əsrin sonları ilə müqayisəsini aparmaq yetər. Ölkədə ənənəvi sayılan və tarixən inkişaf mərhələsi keçmiş növlər yox olmaq həddinə çatmışdısa, qalanları haqqında nə demək olar? Bu, idmançıların Vətənə qaytarılmasından da ağır məsələydi. Çünki bütün təşkilati işlər yenidən və daha müasir dünyəvi əsaslarla yaradılmalı, kadr və idmançı problemləri həll edilməliydi. Bunun ən gözəl və bariz nümunəsini bədii gimnastikadakı intibah dövrü ilə göstərmək olar. İndi olimpiya oyunlarında onların iştirakı adi hala çevrilib. Gimnastlarımız ilk dəfə ölkəni olimpiadada komanda şəklində də təmsil ediblər. Ölkə bu növ üzrə beynəlxalq yarışların vətəninə çevrilib. Amma görülən işlərin ən müsbət məqamı təkcə bu deyil: bədii gimnastika hətta köklü növlər üçün bir nümunəyə çevrilib. Bu növün belə surətli inkişafında ölkəmizin birinci xanımı Mehriban Əliyevanın federasiyaya rəhbərliyi mühüm rol oynayıb. Azərbaycan taekvondosunun yeni inkişaf templərini də misal çəkə bilərik. Ən son nümunə kimi, ölkədə avarçəkmə idmanının və eləcə də, nümunəvi mərkəzlərdən biri olan “Kür”ün bərpasını göstərmək olar. Hələ bütün bunlar olimpiya idman növləridir. Başqa sahələrdən, ilk növbədə, şahmatımızın uğurlarını qeyd etmək olar. Təkbətək mübarizə, ələlxüsus da, Şərq döyüş növlərində inkişaf bu günün uğurlarının böyük qismini təşkil edir. Gəlin, sadəcə, rəqəmlərə müraciət edək: təkcə bu ilin birinci yarısında idmançılarımız beynəlxalq yarışlarda, 68-i olimpiya idmanı üzrə olmaqla, 103 medal qazanıblar. 2010-cu ildə isə 206-sı olimpiya növlərində olmaqla, 675 medal əldə edilmişdi. Medalların 182-si dünya, 97-si Avropa çempionatlarında, 83-ü dünya kuboku yarışlarında qazanılmışdı.

4. “İdmançılara, onların problemsiz və tam proqramla məşq edib bacarığını göstərməsi üçün bütün lazımi şərait yaradacağıq”.
Bədən tərbiyəsi və idman mədəniyyətinin yüksəldilməsi, kütləviliyin yeni mərhələyə qədəm qoymasına xüsusi şərait yaradıb. Müvafiq şərait olmadan hansısa inkişafdan və kütləvilikdən danışmaq, idmançıya qayğının yüksək həddindən söz açmaq yersiz və əsassızdır.
1997-ci ilə qayıtsaq, Beynəlxalq Olimpiya Komitəsinin ölkəmizdən 9 pespektivli idmançıya verdiyi təqaüddən savayı, Milli Olimpiya Komitəsinin rəhbərinin 38 idmançı və onların məşqçisinə xüsusi təqaüdlər ayrılması barədə qərarı ilə başlayan yoldan bu günə qədər idmançıların maddi və mənəvi dəstəyinin rolundan da xüsusi danışmaq olar. Amma bütün bunlar dövrü xarakter daşıyan və stimulverici qərarlardır. Şərait deyəndə, əsas yeri maddi-texniki baza təminatı tutur. Statistika Komitəsinin məlumatına əsaslansaq, 2011-ci ilin əvvəlinə ölkədə idman qurğularının sayı 9,5 minə çatıb, bədən tərbiyəsi və idmanla məşğul olanların sayı 1 milyon 649,8 min nəfərdir.
İdman qurğularından danışarkən, sözsüz ki, vaxtilə Jak Roqqun region üçün nümunə adlandırdığı addımlar önə çəkilə bilər. Ölkə idmanının maddi-texniki bazasının möhkəmləndirilməsi ideyası yeni Azərbaycanın ilk böyük uğuru - Sidney olimpiadasında əldə olunan nailiyyətlərlə üst-üstə düşdü. 2000-ci il oktyabrın 21-də Nərimanov rayonunda ilk olimpiya-idman kompleksinin açılışı mərasimində MOK rəhbəri Azərbaycanın bütün bölgələrində yeni-yeni idman qurğularının inşa ediləcəyini bəyan etdi və zənnimcə, bu, gələcəyə qoyulan ən böyük sərmayə oldu. O vaxtdan bu yana ölkədə artıq 31 idman kompleksi istifadəyə verilib. İnşaat işləri əvvəlcə bölgələr üzrə aparıldı. İndi isə hər bir rayon üçün belə qurğunun tikintisi vacib prinsipə çevrilib. Hətta kənd və qəsəbələrdə də zal, meydança və mərkəzlərin inşası planlı addımlardan biri kimi diqqət çəkir. Bu qurğuların təməlində dayaq-idman növlərinin inkişafı ilə yanaşı, hələ 1997-ci ildə MOK rəhbərinin elan etdiyi məhv olmuş və yeni növlərin inkişaf etdirilməsi prinsipi dayanır. Artıq komplekslər həm də regionların sosial-iqtisadi inkişafının bir göstəricisinə çevrilib.
İlham Əliyevin MOK rəhbəri kimi 14-illik fəaliyyətinin həlledici anlarından söz açarkən, təşkilatın İcraiyyə Komitəsinin onun sədrliyi ilə keçən ilk iclasına bir daha qayıtmaq yerinə düşər. İclasda və daha sonra ölkənin tanınmış idmançıları, məşqçi-mütəxəssis korpusu və idman rəhbərləri ilə görüşdə onun olimpiya təqaüdlərinin təsis edilməsini elan etməsi ilə başlayan yolda bü gün nələr dəyişib və dəyişməkdədir?

Ən vacibi, çətini onun cəmi 2 il sonra keçirilən Sidney Olimpiya Oyunlarında uğurla çıxış etməyi bir vəzifə, məqsəd kimi qarşıya qoyması bugünkü uğurların onurğa sütunu sayıla bilər. Olimpiya Oyunlarına məqsədyönlü hazırlığın 2 ili, yarışların özü qısa müddət ərzində görülə biləcək işlərin mümkün ən yüksək həddi oldu və beləcə, idman cəmiyyətdə prestijə, hərəkətverici qüvvəyə çevrildi.

- Nəticələrimiz sübut edir ki, son illər Milli Olimpiya Komitəsinin Gənclər və İdman Nazirliyi, milli idman federasiyaları ilə birgə işi məhsuldar olmuş və öz bəhrəsini vermişdir, - deyən İlham Əliyevin bu illərdəki ən böyük uğuru isə bütün idman ictimaiyyətini bir bayraq, bir ideya, bir məqsəd ətrafında sıx birləşdirməsidir. İnam və nüfuzu, bilik və bacarığı, barışdırıcı və birləşdirici mövqeyi ilə ən böyük mükafatı - idman dünyamızın şəksiz və şəriksiz lideri olmaqla sevgi və məhəbbəti qazandı və məncə, onun ən layiqli qiymətini ümummilli lider Heydər Əliyev özü verib:

- Azərbaycanda Milli Olimpiya Komitəsinin yaranması ölkəmizin dövlət müstəqilliyinin xüsusi əlamətlərindən biridir. Milli Olimpiya Komitəsi əvvəlki illərdə, təəssüf ki, öz vəzifəsini layiqincə yerinə yetirə bilmədi. Son illər Milli Olimpiya Komitəsi fəaliyyətini artırıb, genişləndirib, idmançıları, gəncləri daha da səfərbər edib, həvəsləndirib, onlara yardım göstəribdir. Ona görə də qələbələri qeyd edərkən Milli Olimpiya Komitəsinin üzvlərinin və onun prezidenti İlham Əliyevin xüsusi xidmətlərini vurğulamaq lazımdır.

BATI YAR

Xəbər 1915 dəfə oxundu.