Syomin: “Mənim yaratdığım komandanı məhv etdi”
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin sabiq klubu Kiyev “Dinamo”sunun Ukrayna çempionatındakı uğursuz çıxışlarına münasibət bildirib.

Rusiyalı mütəxəssis Kiyev təmsilçisinin cari mövsümdə zəif oyununa görə komandanın baş məşqçisi Oleq Bloxini günahlandırıb.

“Bloxin mənim uzun illərin zəhməti hesabına yaratdığım komandanı məhv edib. Biz Çempionlar Liqasında, Avropa Liqasında oynamışıq. O zaman nəsə edirdik, nəsə edə bilmirdik. Amma əsas odur ki, vahid bir komanda var idi. Klubun prezidenti mənə transferə görə indikindən on dəfə az pul ayırırdı. Buna baxmayaraq, “Dinamo” “Şaxtyor”la çempionluq uğrunda mübarizə aparırdı” – deyə Syomin bildirib.

O, daha sonra deyib: “Turnir cədvəlinə baxın, “Dinamo” indi səkkizinci yerdədir. Amma hansı ölkənin çempionatında? İngiltərə, Fransa, yoxsa Almaniyanın? Yox, Ukraynanın. “Dinamo” birinci liqa komandaları səviyyəsində oynayır. Komandanı dörd ilə yaratdım, amma xırda uğursuzlara görə qovuldum”.

Qeyd edək ki, beş turdan sonra “Dinamo” yeddi xalla səkkizinci yerdə qərarlaşıb. Bu, keşmiş SSRİ tarixində və Ukraynanın müstəqillik illərində “Dinamo”nun daxili çempionatda göstərdiyi ən zəif nəticədir.

Xəbər 968 dəfə oxundu.