Sofiyada gənclərin Dünya çempionatı start götürür
Bolqarıstanın Sofiya şəhərində güləş üzrə gənclərin Dünya çempionatı start götürüb. Hər üç güləş növü üzrə yığma komandalarımız çempionatda iştirak edəcək.

Böyük məşqçi Şaban Donat və məşqçi Akif Əliyevin rəhbərliyi altında qitə ikincisi olan yunan-Roma güləşi yığmamızın üzvləri çempionatın ilk iki günü mübarizəyə aparacaq. Heyətdə Ramiz Məmmədov (50 kq), Sakit Quliyev (55 kq), Elman Muxtarov (60 kq), Ruhin Mikayılov (66 kq), Ceyhun Əliyev (74 kq), Orxan Nuriyev (84 kq), Tural Daşdəmirov (96 kq) və Abbas Abdullayev (120 kq) yer alıb.

15-16 avqustda gənc qızlar mübarizəyə qoşulacaq. Böyük məşqçi Arif Fərmanov və məşqçi Həsrət Məmmədyarovun başçılığı altında çempionatda Şəfəq Muradzadə (44 kq), Kəmalə Əliyeva (48 kq), Patimat Baqomedova (51 kq), Almaz İsmayılova (55 kq), Raqnetta Qurbanzadə (63 kq) və Səbirə Əliyeva (72 kq) qüvvələrini sınayacaq.

Dünya çempionatının son iki günündə sərbəst güləşçilər yarışacaq. Sərbəst güləş yığmamız çempionata böyük məşqçi Arif Abdullayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında qitə birincisi kimi yollanacaq. Heyətdə Ruslan Qasımov (50 kq), Ruslan Surxayev (55 kq), Əhmədnəbi Qvarzatilov (60 kq), Hacımurad Ömərov (66 kq), Bəxtiyar İsrafilli (74 kq), Məhəmməd Abdulxaliqov (84 kq), Hacı Şərifov (96 kq) və Əli Maqomedabirovun (120 kq) yer alması planlaşdırılır.

Görüşlərin idarə edilməsində ölkəmizi Olimpiya dərəcəli hakim Hicran Şərifov təmsil edəcək.

Xatırladaq ki, bir müddət öncə Makedoniyanın Skopye şəhərində keçirilən gənclərin Avropa çempionatında sərbəst güləş yığmamız qitə birincisi, yunan-Roma güləşi yığmamız isə ikinci olmuşdu.

Xəbər 1203 dəfə oxundu.