Milli komandamız F qrupunda yarışacaq
Hələ Avropa çempionatının seçmə mərhələ yarışı başa çatmamış, milli futbol komandamızın sonrakı rəsmi oyunlar seriyası məlum olub. Yığmamızın daha bir məsul turnirdə - 2014-cü il Dünya kubokunun seçmə qrup yarışı çərçivəsində 2012-2013-cü illərdə üz-üzə gələcəyi rəqiblər məlum olub.
İyulun 31-nə keçən gecə Braziliyanın Rio de Janeyro şəhərində "Marina da Qloria" yaxt-klubunda keçirilən və dünyanın 200-dən artıq telekanalı ilə canlı yayımlanan püşkatma mərasimində dünya futbolu üçün rekord sayda - 203 ölkənin seçmə komandası iştirak edib. Onlardan yalnız 31-i Braziliyaya - 20-ci mundiala yollanmaq xoşbəxtliyinə sahib çıxacaq. Qeyd edək ki, artıq yarışın başlanma tarixi də məlumdur. Açılış matçı 2014-cü il iyunun 12-də əfsanəvi "Marakana"da olacaq. Seçmə mərhələ isə Avropa zonası üçün, əsasən, gələn ilin sentyabrında start götürəcək. Hərçənd komandaların razılaşmasından asılı olaraq, FİFA-nın avqust "pəncərə"sindən də istifadə oluna bilər.

Təbii ki, hər bir futbolsevəri, ilk növbədə, rəqiblərin kimliyi və şanslar maraqlandırır. Cəmi iki komanda ilə ilk dəfə rəsmi matçlarda qarşılaşacağıq. İstənilən halda, yenə əminliklə "bəxtimiz gətirdi" deyə bilərik. Komandamız, ilk növbədə, Lüksemburqdan öndə olmaqla, qrupda sonuncu olmamaq şansı qazanıb. Bundan da ziyadə, yığma daha bir rəqibini - Şimali İrlandiyanı qabaqlamaq fürsəti əldə edib.
Amma elə bu rəqib payından da gördüyünüz kimi, məsələ o qədər də sadə deyil. Elə həmin olsterlilərlə tet-a-tet duellərdə uduzduğumuz vaxt, irlandlar Avropanın bütün antirekordlarını müəyyən edə-edə yol ölçürdülər. Ən uzun qolsuzluq, qələbəsizlik seriyaları... Amma yığmamız onların yolunu açdı. Vaxtilə Qazaxıstanı, Lixtenşteyni də rəqib saymırdıq, lakin onlar da məhz yığma sükançılarımızın və federasiyanın yanlış seçim qərarları ilə fürsəti əldən vermədilər. Elə buna görə də hərdən bir sensasiya yaradan lüksemburqlulara yuxarıdan aşağı baxmaq olmaz.
O ki qaldı digər - üstələmək imkanımız xeyli aşağı və demək olar ki, sıfıra bərabər olan rəqiblərə, ilk dəfə rəsmi oyun çərçivəsində üz-üzə gələcəyimiz İsraildə son illər bir neçə orta səviyyəli oyunçu parlamaqda və elə bu üzdən bu ölkədə futbol nisbi irəliləyişdədir. Amma federasiya, nəhayət ki, komandaya uyğun sükançı seçərsə, hətta bu rəqiblə də oynamaq və ondan xal almaq, Bakıda hətta qələbə qazanmaq da mümkündür.
Təbii ki, qrupun favoriti Portuqaliya və Rusiyadır. Bu iki rəqib, xüsusən də son illərdə üz-üzə gəldiyimizdən və Bakıda bir xal aldığımız Rusiya ilə lap yaxşı tanışlığımız var. Doğrudur, Portuqaliya da xal qopardığımız və futbolumuzun kiçik uğur səhifələrinin ən parlaq oyunlarından birinin iştirakçısı olmuş rəqibdir. Amma bu dəfə onlarla oyunlar da tam fərqli səviyyədə olacaq. Yenə də hər ikisinə xal lazım olsa, çətin ki, Foqtsvari oyunlarla onlara nəsə edə bilək.
Yeri gəlmişkən, baş məşqçi Berti Foqtsun federasiya ilə müqaviləsi bu ilin sonunda başa çatır. Komandanın Avropa çempionatının final mərhələsinə düşməyəcəyi indidən aydındır. Onunla yeni razılaşmanın olub-olmayacağı isə bilinmir. Bir sözlə, yeni mərhələyə komandanın kiminlə qədəm qoyacağı da məlum deyil. Elə bu üzdən qiymət verməyə və nəticə çıxaramağa indidən tələsməyək. Hələ çox şey dəyişə bilər.

BATI YAR

* Makedoniya ilə yoxlama matçı ərəfəsi yığma yenidən toplaşıb.
Təlim-məşq prosesinə qapıçılar Kamran Ağayev ("Xəzər Lənkəran"), Aqil Məmmədov ("Bakı"), Andriy Popoviç ("Sumqayıt Şəhər"), eləcə də müdafiəçilər Vladimir Levin ("İnter"), Saşa Yunusoğlu, Vurğun Hüseynov, Mahir Şükürov ("Qəbələ"), Rail Məlikov, Ruslan Əmircanov, Ruslan Abışov ("Neftçi"), Elnur Allahverdiyev ("Xəzər Lənkəran"), Əziz Quliyev ("Bakı"), Usim Nduka (AzAL), yarımmüdafiəçilər Aqil Nəbiyev (AzAL), Amit Quluzadə, Cavid Hüseynov ("Neftçi"), Aleksandr Çertoqanov ("Qəbələ"), Rahid Əmirquliyev, Elnur Abdullayev ("Xəzər Lənkəran"), Elvin Məmmədov ("Bakı"), Fabio Luis Ramim ("Bakı"), hücumçular Arif İsayev, Murad Hüseynov ("Qəbələ"), Elşən Məmmədov (AzAL) cəlb ediliblər.
·2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsində Belçika milli komandası ilə sentyabrın 2-də keçiriləcək matç Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:00-da başlayacaq. Bundan 4 gün sonra yığmamız Qazaxıstanı qəbul edəcək. Oyun, əvvəldən də məlum olduğu kimi, Lənkəran şəhər stadionunda keçiriləcək və 20:00-da hakim start fitini verəcək.

Xəbər 1099 dəfə oxundu.