"Anji"nin baş məşqçisi dəyişdirildi
Rusiyanın “Anji” futbol komandasının baş məşqçisi dəyişdirilib.

Bu barədə klubun sahibi Süleyman Kərimov qərar qəbul edib.

Kərimov Rene Melensteni Hacı Hacıyevlə əvəzləyib. O, klubun inkişaf strategiyasını da dəyişib. Bundan sonra “Anji”də prioritet ulduzlara yox, yerli futbolçulara veriləcək. Dağıstanlı milyarder səbəb kimi sağlıq durumundakı problemləri göstərib.

Klubun inkişaf strategiyasında dəyişiklik barədə qərar “Anji”nin Rusiya çempionatının ötən turunda “Rostov”a məğlubiyyəti və komanda daxilindəki münaqişə fonunda çıxarılıb. Rusiya yığmasının kapitanı, eləcə də klubun yeni transferi İqor Denisovun legionerlər və Melenstenlə konfliktə girib. Hətta hazırda “Anji”də yerlilər və legionerlərin bir-biri ilə küsülü olduqları bildirilir. Bu səbəbdən, İqor Denisov, Vladimir Qabulov, Aleksandr Kokorin və Yuri Jirkovun komandanı tərk etmək istədikləri bildirilir. Kərimov hazırda kifayət qədər yüksək əmək haqqı alan əcnəbi futbolçuları komandadan uzaqlaşdırmaqla klubun büdcəsini də azaltmağı düşünür.

Qeyd edək ki, Hacı Hacıyev əvvəllər 2 dəfə (1999 – 2001 və 2010-2011) “Anji”nin baş məşqçisi olub. 67 yaşlı mütəxəssisin rəhbərliyi altında hazırda AZAL-ın baş məşqçisi olan Vaqif Sadıqov köməkçi-məşqçi, indi “Neftçi”də oynayan Mahir Şükürov futbolçu kimi çalışıb.

Lent.az

Xəbər 992 dəfə oxundu.