“Araz” ilk dəfə azarkeşlərinin önünə çıxıb
12 illik fasilədən sonra yenidən böyük futbola qayıdan “Araz” ilk dəfə azarkeşlərinin önünə çıxıb. Muxtar respublika təmsilçisi məlum olduğu kimi yoldaşlıq görüşünü İbrahimxəlil Axundlu adına şəhər stadionunda yox, təlim-məşq üçün toplaşdığı Şərur Olimpiya İdman Kompleksinin stadionunda keçirib.

“Qırmızı-ağlar”ın rəqibi isə Naxçıvan Dövlət Universitetinin eyni adlı komandası olub. Birinci diviziona iddialı hazırlaşan Əsgər Abdullayevin yetirmələri bu matçda nəyə qadir olduqlarını nümayiş etdiriblər. Bütün futbolçuları sınaqdan keçirən Abdullayevin rəhbərlik etdiyi komanda onu məyus etməyib. 6:0 hesablı qələbə qazanan “Araz”da daha çox təcrübəli və ümid bəslənilən oyunçular etimadı doğruldub. Belə ki, komandanın yeganə gürcü legioneri David Canalidze ilə hesabı açan Naxçıvan klubu, daha sonra Rəhman Musayev və Emin İmaməliyevin qolları sayəsində hesab arasındakı fərqi yüksəldiblər. Hər iki təcrübəli futbolçu bu matçda dubl edib.

Ötən mövsüm Premyer-Liqada “Rəvan”ın şərəfini qoruyan Mikayıl Rəhimov yeni komandasında da qol vurmağa müvəffəq olub. Qeyd edək ki, “Araz” növbəti yoxlama oyununu avqustun 13-də “Neftçala”ya qarşı keçirəcək. Görüş İbrahimxəli Axundlu adına Naxçıvan şəhər stadionunda baş tutacaq. Bu matçla həm də yeni təmirdən çıxmış arenanın açılışı olacaq.

Xəbər 1207 dəfə oxundu.