Natəvan Qasımova: “İddialı və yerli klubla müqavilə bağlayacam”

“Qubadakı təlim-məşq toplanışı çox yaxşı keçdi. Xeyli vaxt idi ki, komanda üzvləri bir araya gəlmirdi. Düzü, qızlar üçün darıxmışdım”. Bunu İdman.com.az saytına açıqlamasında millimizin voleybolçusu Natəvan Qasımova deyib. Onun bildirdiyinə görə, indi əsas vəzifələri növbəti məşqləri də yüksək səviyyədə keçirib, Avropa çempionatının final mərhələsində uğurlu çıxış etməkdir.
Voleybolçu, həmçinin bildirib ki, İtaliyada çıxış etdiyi “Skavolini” klubunda ona “qal” desələr də, Bakıya qayıtmağa üstünlük verib. Natəvan, bunu paytaxt klublarını birində çıxış etmək istəyi ilə əlaqələndirib: “Azərreyl”də mənim mövqeyimdə 2 voleybolçu olduğu üçün, bu klubla oynamağım real deyil. Açığı, transferimlə nişanlım Tunc Əfşar məşğuldur. Ola bilsin ki, iddialı bir yerli komanda ilə müqavilə bağlayım”.

Xəbər 1332 dəfə oxundu.