"Rəvan"ın seriyası qırıldı
"Rəvan” Topaz Prenyer Liqasının 2013/14 mövsümünə məğlubiyyətlə başlayıb.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Zaqatalada stadionun təmiri tam başa çatmadığından "Simurq” ilə Qəbələ şəhər stadionunda görüşən komanda rəqibinə 0:2 hesabı ilə uduzub.

Ümumiyyətlə, "aslanlar” üçün start hər zaman bir qədər çətin olur. Bunu tarixə nəzər salanda da görmək olar. Belə ki, ikisi I divizionda olmaqla 5-ci mövsümə start verən komanda yalnız 1 halda çempionata 3 xalla başlayıb: 2010/11 mövsümünün ilk oyununda sentyabrın 4-də "Göyəzən”i səfərdə məğlub etmişik (2:0). Qalan 4 halın ikisində heç-heçə, ikisində isə yenilgi qeydə alınıb. Amma qol vurmadan mövsümə başlamaq ilk dəfədir.

Elə Qəbələdə məğlubiyyət də ilk dəfə baş verib. Belə ki, "Rəvan" buna qədər eyniadlı şəhərin komandası ilə 2 dəfə qonaq meydanında qarşılaşıb. Paytaxt təmsilçisi 2011/12 mövsümündə 3:2, ötən "futbol ili”ndə isə 3:1 hesablı qələbə əldə edərək 3 xalı 3 qolla qazanmışdı. Bu dəfə isə nə qol oldu, nə də xal...

Elə bu qolsuzluq da seriyanın qırılmasına səbəb olub. Axı ötən mövsümdə 17-ci turdan etibarən sona kimi bütün oyunlarda (18-ci turdakı texniki məğlubiyyət nəzərə alınmır) ən azı 1 qol vurulmuşdu. Bu isə ümumilikdə 15 oyun edirdi. Lakin Qəbələdə "Simurq”un qapısına yol tapa bilmədik. Belədə komanda 10 dekabr 2012-ci il tarixindən sonra ilk dəfə meydanı qolsuz tərk edib.

Xəbər 1230 dəfə oxundu.