Azərbaycanlı futbolçu “Barselona”da!

15 yaşlı futbolçumuz Fəhmin Muradbəyli bazar günü ispan klubunun düşərgəsinə yollanır

İyulun 31-dən avqustun 12-dək İspaniyanın Barselona şəhərində “Barselona” futbol klubunun nəzdində intensiv Yay Futbol Məktəbi keçiriləcək.

Yay məktəbində fiziki cəhətdən hazırlıqlı və futbol sahəsində təcrübəsi olan 13-17 yaş arası gənclər iştirak edəcəklər. Proqrama əsasən ümumi təlim-məşq, klubun əsas stadionunda məşqlər aparılacaq. Qeyd edək ki, hər 10 futbolçu bir məşqçinin rəhbərliyi altında təlim-məşqlərə cəlb olunacaq.

Azərbaycandan da bu toplantıda bir futbolçu iştirak edəcək. Bu 15 yaşlı hücumçu, “Neftçi” futbol klubunun üzvü Fəhmin Muradbəylidir.

Gənc futbolçumuz belə yüksək səviyyəli təlimə qatılmaq imkanını Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının ölkəmizin İspaniya Krallığındakı səfirliyi ilə birgə əməkdaşlığı nəticəsində əldə edib.
Məsələ ilə bağlı daha ətraflı məumat əldə etmək üçün Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti Mirkamil Rəhimovla əlaqə saxladıq. Mirkamil müəllim fakti təsdiqlədi və aşağıdakıları bildirdi:

- Hər halda bu addım futbolumuzun inkişaf etdirilməsi baxımından çox vacibdir. Çalışmalıyıq ki, daha çox uşaq və gənc futbolçumuz Avropanın aparıcı futbol məktəblərində təlim-məşqlərdə iştirak etsinlər. Fəhminin gedəcəyi proqramda fiziki hazırlıqdan əlavə həmçinin futbolun yeni texnikaları ilə tanış olması, “Barselona” kimi klibun futbol həyatının canlı iştirakçısı olmaq imkanı qazanacaq.

- Mirkamil müəllim, bəs futbolçunun Barselonada qalmaq məsələləri necə həll olunub?

- Futbolçumuzun orada yaşayışı, normal qidalanması, tibbi sığortası və digər vacib məsələlər həll edilib. Proqrama əsasən, orada klubun muzeyi ilə tanış olacaq, bir sıra əyləncəli proqramlarda iştirak edəcək, hətta “Barselona”nın rəsmi forması ilə təmin olunacaq.
Gənc futbolçu orada Messi və digər məşhur futbolçularla ünsiyyətdə olacaq, onların məşq prosesini canlı izləyəcək. Qeyd edim ki, dərslər ingilis və ispan dillərində keçiriləcək.

- Bəs gələcəkdə belə göndərişlərin müntəzəm təşkili nəzərdə tutulubmu?

- Əlbəttə! Fəhminin Barselonaya gedişi təcrübədə ilk dəfə olsa da son deyil. Çalışacağıq ki, gələcəkdə bu məktəbdə bütün amplualarda – qapıçı, müdafiəçi, yarımmüdafiəçi və hücumçularımız iştirak etsinlər. Bir də fürsətdən istifadıə edərək bu işdə bizə kömək edən hər kəsə, xüsusilə də ölkəmizin İspaniyadakı səfiri cənab A.Əfəndiyevə minnətdarlığımı bildirmək istərdim. Bir də onu qeyd edim ki, gənc futbolçunun Barselonaya göndərilməsi “Neftçi” futbol klubunun maliyyə dəstəyi sayəsində mümkün olub.

Qeyd edək ki, Fəhmin iyulun 31-də Barselonaya yollanacaq və iki həftə ərzində sözügedən təlimlərdə iştirak edəcək.

www.idman.com.az

Xəbər 4848 dəfə oxundu.