Vladislav Pitlasinskinin xatirə turnirində bürünc medal
Polşanın paytaxtı Varşavada Vladislav Pitlasinskinin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib. 3 güləşçi ilə təmsil olunan yığma komandamız turnirdə 1 bürünc medal qazanıb.

60 kq çəkidə mübarizə aparan Taleh Məmmədov ilk görüşdə bolqar İvo Angelovu (9:7) mübarizədən kənarlaşdırıb. 1/8 finalda Ukraynalı Andrey Çmut (8:3), 1/4 finalda isə qazax Yerbol Kikbayev (4:0) güləşçimizə müqavimət göstərə bilməyib. Yarımfinalda Polşa güləşçisinə uduzan Taleh Məmmədov bürünc medal uğrunda görüşə çıxıb. Həlledici qarşılaşmada Rusiya təmsilçisi Mingiyan Semyonovu (6:1) məğlub edən güləşçimiz turnirin bürünc mükafatına layiq görülüb.

84 kq çəkidə güləşçimiz Rafiq Hüseynov ilk görüşdə İspaniya güləşçisi Pedro Garcianı məğlub edib. Növbəti görüşdə uduzan Rafiq təsəlliverici görüşlərə qatılıb. Türkiyə güləşçisi Selçuk Cebini məğlub etməyi bacarsa da, növbəti görüşdə alman güləşçiyə məğlub olaraq mübarizəni 7-ci sırada tamamlayıb.

74 kq-da Şamil Ertuqanov isə, ilk görüşündə məğlub olub və mübarizəni erkən tamamlayıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev təmsil edib.

Xəbər 978 dəfə oxundu.