"Qarabağ"a Skandinaviyada möhtəşəm tərəfdar dəstəyi
Avroliqanın 3-cü təsnifat mərhələsində "Gefle" - "Qarabağ" klubları arasında cavab görüşünün uzaq şimal şəhəri Sundusvalda baş tutacağı haqqında xəbərlər yayıldıqdan sonra, uzun yol səbəbi ilə azsaylı "Qarabağ" tərəfdarının Norrporten Arenaya gedəcəyi düşünülürdü. Finlandiya "Honka"sı, Norveç "Rossenborq"u kimi növbəti Skandinaviya təmsilçisi - İsveç "Gefle"si ilə qarşılaşmaya da barmaqla sayılacaq qədər azarkeşlərimizin tribunalarda yer alacağı proqnozlaşdırılırdı. Gevle (Yevle) şəhərində yaşayan azərbaycanlılar, ilk matça (1:0) qədər onların yaşadıqları şəhərin komandasının III təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacağından xəbərsiz idilər.

Futbolumuzu daim diqqətdə saxlayan bir neçə dostumuzdan savayı, İsveçdə yaşayan yüzlərlə həmvətənimiz ya telefonlarına sarılaraq "Qarabağ"ın İsveçə gəlmə xəbərini dəqiqləşdirir, ya da, sosial şəbəkələrdə eyni məzmunlu sualla statuslar paylaşmağa başladıqca, Sundusvalda kütləvi şəkildə hansı yollarla gedilə bilinəcəyi ətrafında təkliflər də meydana çıxmaqda davam edir.

Sundusvaldan 600 km şimal, 650 km cənubda yerləşən şəhərlərin bir çoxundan avtomobil karvanları, eləcə də avtobuslarla təşkilatlanaraq «Norrporten Arena»ya gedilməsi haqqında həmvətənlərimiz arasındakı danışıqlar davam etdirilməkdə ikən, qonşu Finlandiya və Norveç, hətta Danimarkadan da komandamıza dəstək məqsədiylə İsveçə gəlməyi planlaşdıran azərbaycanlılar var.

Komandamıza ikinci 90 dəqiqə boyunca meydanda dəstək vermək istəyən, yalnız, bəzi səbəblərdən Sundusvala gedə bilməyəcək həmvətənlərimiz isə üzgündürlər. Yay aylarında çoxsaylı azərbaycanlı həm Vətəndə, həm də, müxtəlif isti ölkələrdə səfərdədir. Bir çoxları isə çalışdıqları iş yerlərində olan tətil haqqlarından əvvəlcədən istifadə etdiklərindən, komandamızın yanında ola bilməyəcəklər. Bütün bunlara baxmayaraq Avropa Ligası çərçivəsində "Qarabağ"ın səfər oyunlarında ən kütləvi tərəfdarı qarşısında top oynayacağına, İsveç azərbaycanlıları arasında şübhə edilmir.

Mansur Dadaşov, Stokholm
Xüsusi olaraq idman.com.az üçün

Xəbər 1096 dəfə oxundu.