İspan çempionatı 130 qolunu itirib
La Liqa hər yay klubların ağır maliyyə vəziyyətinə görə bir sıra ulduzlarını itirir. İdman.com.az saytı xəbər verir ki, bu ay itkilər daha qabarıq nəzərə çarpır. Çempionatı ən yaxşı mərkəz hücumçuları tərk edir. La Liqa ilə bu mövsümlərarası dövrdə vidalaşmış 6 top-forvard ötən mövsümdə ümumilikdə 130 qol vurmuşdular. Onların layiqli əvəzi də görünmür.

Radamel Falkao («Monako»)
Ötən mövsümdə 34 qol vurub (28-i çempionatda)

Kolumbiyalı forvard iki il öncə öz seçimi ilə hər kəsi təəccübləndirmişdi. O zaman ən tələb olunan futbolçu «Portu» ilə Avropa Liqasında 17 qol vurduqdan sonra az qala bütün ingilis top-klublarından səxavətli təkliflər alsa da, həmin anda İspaniyada 7-ci olan və 15 il milli titullar qazanmayan «Atletiko»nu seçdi. Madriddə ilk mövsümünə o 24, ikincisinə 28 qol vurub. Və hər iki halda da Messi və Ronaldodan sonra 3-cü oldu. Yenə də sevimli Avropa Liqasını qazandı. İndi də top-çempionatlarda iştirak və Çempionlar Liqası himni əvəzinə Monte Karloda sakit həyatı seçdi. «Monako» ona hər ay 1,5 milyon avro ödəyəcək. Bu, hər dəqiqəyə 35 avro deməkdi. Elə 8 saatlıq yuxuya da onun qazancı 17 min avro olur.

Alvaro Neqredo («Mançester Siti»)
Ötən mövsümdə 31 qol vurub (25-i çempionatda)

İngiltərə Premyer Liqasına uyğun gələ biləcək daha bir mərkəz hücumçusu. Elə orada o yollanır. Cüssəli, döyüşkən və ucaboylu forvard başla əla oynayır və yüksək texnikaya da malikdi. «Sevilya»nı ağır maliyyə vəziyyətinə görə tərk edəsi oldu. Televizia gəlirlərinin ədalətsiz bölgüsü bu kimi klubları böhrana sürükləyir və onlar mütəmadi olaraq yaxşı oyunçularını satmalı olurlar. Neqredo Premyer Liqada bir çox komandaların məqsədi idi. Madrid yetirməsini qışda «Everton» və «Tottenhem» də almaq istəyirdilər. O zaman maliyyə sıxıntısından «Sevilya» Dieqo Lopesi «Real»a satmaqla çıxa bildi. Neqredo da karyerasının ən yaxşı mövsümünü keçirib özü üçün rekord sayda – 25 qol vurdu. Bu qollardan da 7-si qələbə qolu oldu ki, Neqredo bu sahədə La Liqada hər kəsi, hətta Messi və Ronaldonu da geridə qoydu. Onun uğrunda «Atletiko» ilə «Mançester Siti»nin mübarizəsindən 25 milyon avro ödəyən «şəhərlilər» qalib ayrıldılar.

Roberto Soldado («Tottenhem»)
Ötən mövsümdə 30 qol vurub (24-ü çempionatda)

«Valensiya»nın da maliyyə vəziyyəti arzuolunan deyil. Yeni stadionun inşası dondurulub, 90 yaşlı «Mestalya»nın bərpası və borclardan qurtarmaq üçünsə komanda ən yaxşı bombardirini satmalı oldu. Artıq 4 mövsümdü ki, o, çempionatda 16-dan çox qol vurur. 28 yaşlı Neqredo ilə Soldadonun taleləri bənzərdi. Doğma kluba lazım olmayan «Real» yetirmələri «Kastilya» da çox qol vurub, hərəyə bir dəfə icarəyə getmişdilər, sonra müvafiq olaraq, «Almeriya» və «Xetafe»yə satılmışdılar. Son 5 ildə onların statistikası da demək olar ki, bərabər gedir. Nəticədə La Liqanı Neqredo 209 oyuna 102, Soldado isə 207 oyuna 101 qolla tərk edir. Özü də 100-cü yubiley qollarını onlar qarşılıqlı oyunda 12 dəqiqə fərqlə vurublar. Onlar İspaniya yığmasında da əsas mərkəz forvardı mövqeyi üçün rəqabət aparırlar. Burada da hərəsinin 6 qolu var. İndi də sinxron Premyer Liqaya yollanırlar.

Qonsalo İquain («Napoli»)
Ötən mövsümdə 18 qol vurub (16-sı çempionatda)

Argentina yığmasının forvardı mövsümün sonunda özü satılmasını istədi. Kərim Benzema ilə rəqabətdə oyun təcrübəsi az olurdu. «Real» formasında 265 rəsmi oyunda İquainin 121 qolu var. «Real»dan Albiolla Kalyexonu da almış neapollular İquain üçün dərhal 37 milyon avro ödədilər, 3 milyonu da ehtimal bonus kimi vəd etdilər.

Yaqo Aspas («Liverpul»)
Ötən mövsümdə 12 qol vurub (hamısı çempionatda)

Siyahıdakı sabit yüksək məhsuldarlıq nümayiş etdirən digərlərindən fərqli olaraq, Aspas 26 yaşına La Liqada cəmi bir mövsüm keçirə bilib. «Selta» ilə hələ ikinci divizionda ikən heyətdə daimi yeri olmasına baxmayaraq, mövsümə 4-5 qol vururdu. Lakin 2011-2012-ci illər mövsümdə vəziyyəti dəyişib 23 qolla bombardirlər siyahısında ikinci oldu və komandasını elitaya çıxartdı. Gözəl və məhsuldar oyunu sayəsində Visente Del Boske onu dərhal əsas yığmaya çağırdı. «Liverpul» da 9 nömrəli köynəyini ispana təklif etdi.

Fernando Lyorente («Yuventus»)
Ötən mövsümdə 5 qol vurub (4-ü çempionatda)

Forvard mövsümdəki statistikası ilə diqqəti cəlb etmir. Lakin buna səbəb klubu tərk etmək istəyinə görə cəzalanaraq, əsasən ehtiyat skamyada oturdu. Hələ bir il öncə getmək istəyən futbolçunu «Atletik» cəza kimi 20 milyon verən «Yuventus»a satmayaraq, vətənində saxlatdı. Nəticədə bu il futbolçu Turinə köçə bildi. Atletiksə sərbəst agent kimi klubu tərk edən futbolçudan heç nə qazana bilmədi. Hər halda klub üçün 118 qol vurmuş, yığmada da 7 dəfə fərqlənmiş futbolçu üçün heç də ədalətli olmayan bilbaolular öz cəzalarını 20 milyon itkisi ilə aldılar.

Xəbər 1501 dəfə oxundu.