Emenike geyinmədiyi formaya qayıda bilər
Moskva «Spartak»ının nigeriyalı forvardı Emanuel Emenike yaxın günlərdə «qırmızı-ağları» tərk edə bilər. İdman.com.az saytı xəbər verir ki, «Fənərbağça» moskvalılarla oyunçunun alışı üzrə bazarlığını davam etdirir. İlkin məlumatlara görə, türklər rusiyalılara 13 milyon avro təklif ediblər, daha sonra bu məbləğ 15 milyona qalxıb. Bu xəbərin rəsmi təsdiqi gəlməsə də, futbolçunun türk klubuna keçməsi ehtimalı böyükdür.

Emenike «Spartaka» 2011-ci ildə məhz «Fənərbağça»dan keçmişdi. İndi isə ora dönmək üzrədi. O, «Fənər»in futbolçusu olsa da, bu komandada oyun keçirməyib. Buna da səbəb danışılmış oyun olub. İki il öncə Türkiyə Superliqasında «Fənərbağça» ilə «Karabükspor»un oyunu danışılmış hesab edildi və istintaqın versiyasına görə, həmin zaman «Karabükspor»un oyunçusu olan Emenikeyə matça çıxmayacağı halda «Fənər»ə keçmək sözü verilmişdi.

Həqiqətən də tezliklə o, İstanbulda peyda oldu. İstintaq zamanı futbolçu 4 gün həbsdə oturası oldu. Onu hətta 3 ilə qədər həbs gözləyirdi və «Fənər»in formasını bir oyunda belə geyinmədən vəziyyətdən qurtulmaq çün tezliklə «Spartak»a satıldı. Moskvada o, 50 oyuna 23 qol vurub.

Xəbər 1093 dəfə oxundu.