İsveç azərbaycanlıları: «Turu keçən tərəf «Qarabağ» olacaq»
«Əlimizdə Azərbaycan bayrağı, komandamızın yanında olacağıq!»

İsveçdə yaşayan həmvətənlərimiz "Qarabağ"ın rəqib meydanında da qələbə qazanacağına inanırlar. Futbol mütəxəssisləri İqor Ponamaryov və Valeh Qafarov hələ Tofiq Bəhramov stadionundakı ilk qarşılaşmadan öncə "Qarabağ" klubunun favorit olduğunu söyləyirdilər. Avroliqanın 3-cü təsnifatında Bakıda "Gefle" üzərində 1:0 hesablı qələbədən sonra, revanş qarşılaşmasına İsveçdə yaşayan soydaşlarımızın münasibətini və komandamıza qürbətdə verə biləcəkləri dəstəyinin səviyyəsini öyrənməyə çalışdıq.

"Neftçi"nin keçmiş futbolçusu, hazırda İsveçin yeniyetmə klublarından birinə rəhbərlik edən Valeh Qafarov cavab görüşünün "Qarabağ" üçün çətin keçəcəyini, "Barselona"ya bənzətdiyi komandamızın İsveçdən mütləq qələbə ilə ayrılacağına inandığını bildirdi:

- "Gefle" maddi cəhətdən komandamıza nisbətən çox kasıb klubdur. Stadionları təmirdə olduğundan ev oyunlarını Sundusval şəhərinin süni ot örtüklü meydanında keçirirlər. Ağdam klubuna çətinlik yaradacaq səbəblərdən biri budur. Uzun yol qəth edəcəklərindən, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda yorğun duşə bilərlər. Lakin "Qarabağ"ın uzaq səfər təcrübəsi var və bu səbəbin komandamızın oyununa böyük təsir edəcəyinə inanmıram. Yeri gəlmişkən, "Qarabağ ailəsini" doğma meydanda qazandıqları qələbə münasibəti ilə təbrik edirəm. Qrup mərhələsində oynayacaq səviyyədə komandamız olduğuna çox sevinirəm.

Bir neçə diaspora nümayəndələrimizlə söhbətdən məlum oldu ki, revanş qarşılaşması Sundusvalda keçiriləcəyindən, komandamıza dəstək üçün arenaya getmək istəyən tərəfdarlarımızın sayına mənfi təsir göstərəcək. Belə ki, Gevle (Yevle) paytaxt Stokholma yaxın şəhərlərdən olduğu halda, Sundusval 400 km uzaqlıqda yerləşən şimal şəhəridir. Minlərlə həmyerlimizin məskunlaşdığı əsas şəhərlər isə İsveçin güney hissəsinə aiddir.

Yəni, Malmödə yaşayan həmvətənimiz 1000 km məsafə qəth etməlidir ki, komandamıza tribunadan dəstək verə bilsin. Bütün çətinliklərə rəğmən, çox saylı "Qarabağ" sevərin və sırf Qarabağ adı üçün ötrü həmvətənlərimizin Sundusvala gedəcəyi proqnozlaşdırılır. Sundusval şəhərində də, 50-dən artıq azərbaycanlı ailələr yaşayır. Komandamız Stokholm hava limanında enəcəyi təqdirdə, çox saylı həmvətənimizin qarşılama mərasiminə şahid olacaq.

İsveç azərbaycanlılarının "Qarabağ"ın mərhələni keçən tərəf olacağına inamı tamdır. Bir qrup gəncimiz, bir ağızdan "Turu keçən tərəf "Qarabağ" olacaq" - deyərək, mütləq Sundusvala gedəcəklərini bildirdilər. Həmin gənclər komandalarımızdan birinin nə vaxtsa İsveçə gələcəyi ümidiylə gözlədiklərini və nəhayət, "Qarabağ" mərhələ adlamaqla onların daimi komandasına çevrildiyini sevinclə ifadə etdilər: «Əlimizdə Azərbaycan bayrağı komandamızın yanında olacağıq!»

Mansur Dadaşov, Stokholm
Xüsusi olaraq idman.com.az üçün

Xəbər 1225 dəfə oxundu.