Angelova 6-cı oldu

Niderland paytaxtı Amsterdamda 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatına yekun vurulub. Yarışda Azərbaycanı təmsil edən 5 avarçəkəndən İskra Angelova əsas finalda mübarizə aparıb. 1-nəfərlik qayıqla (BW1X) çıxış edən yeganə qadın təmsilçimizin rəqibləri Donata Vistartayte (Litva), Karina Baer (Almaniya), Kaisa Pajusalu (Estoniya), İvana Filipoviç (Serbiya), Nikol Bökers (Hollandiya) olub. Angelova 2000 metr məsafəni 7 dəqiqə 52,13 saniyəyə qət edərək, 6-cı yer tutub. Qalib adını isə ötən il olduğu kimi, yenə Vistartayte (7:28.04) qazanıb. Baer (7:33.02) gümüş, Pajusalu (7:37.03) isə bürünc medala sahib çıxıb.
Digər avarçəkənlərimizə gəldikdə, Aleksandr Aleksandrov 7–12-ci yerlər uğrunda mübarizəyə imkan verən B finalında çıxış edib. Kişilərin mübarizəsində 1-nəfərlik qayıqla (BM1X) mübarizə aparan ötənilki dünya çempionatının gümüş mükafatçısı bu dəfə 7-ci yerlə kifayətlənib. O, 2000 metr məsafəni 6 dəqiqə 54,58 saniyəyə qət edərək, böyük britaniyalı Conatan Uolton (6:59.76), italiyalı Daniele Zona (7:03.58), macarıstanlı Domonkos Sell (7:04.81), amerikalı Ben Dann (7:05.44) və sloveniyalı Yanes Zupanı (7:35.49) qabaqlayıb.
Kamal Məmmədov 1-nəfərlik yüngül çəkili (BLM1X), Aleksandr Qlotov – Fuad Mirzəyev dueti isə 2-nəfərlik sükansız (BM2-) qayıqla 13–18-ci yerlər uğrunda mübarizəyə imkan verən C finalında çıxış edib. Məmmədov 14-cü, Qlotov – Mirzəyev dueti isə 17-ci olublar.

Xəbər 1142 dəfə oxundu.