Boksçularımız dünya birinciliyində

İyulun 23-də Astanada yeniyetmə boksçular arasında dünya birinciliyi start götürəcək. “Qazaxıstan” İdman Sarayında keçiriləcək yarışda 50-dən çox ölkənin 600-ə yaxın idmançısının iştirak etməsi gözlənilir. Turnir 13 çəki dərəcəsi üzrə keçiriləcək. Azərbaycan bu mötəbər turnirdə 12 çəki dərəcəsində təmsil olunacaq. Yalnız 66 kq çəkidə Qazaxıstan paytaxtına idmançı aparmayıb. Boks Federasiyasından idman.com.az saytına verilən məlumata görə, baş məşqçi Rasim Məmmədovun rəhbərliyi ilə yarışda ölkəmizin şərəfini Elnur Şəfizadə (46 kq), Məsud Yusifzadə (48 kq), Malik Muradov (50 kq), Nəsrəddin Məmmədov (52 kq), Peyman Yusifli (54 kq), İman Əhmədli (57 kq), Nurlan Nağıyev (60 kq), Fuad Mustafayev (63 kq), Orxan Mayıllı (70 kq), Nəbi Bağırov (75 kq), Rahil Məmmədli (80 kq) və Məhəmmədəli Tahirov (+80 kq) qoruyacaqlar. Dünya birinciliyinin final döyüşləri iyulun 30-da keçiriləcək. İyulun 31 və avqustun 1-də isə Astanadakı “Pekin” otelində AİBA İcraiyyə Komitəsinin toplantısı keçiriləcək. Toplantı başa çatdıqdan sonra WSB liqasının 2011-2012-ci illər mövsümünün püşkatma mərasimi olacaq.

Xəbər 1316 dəfə oxundu.