Prezident İlham Əliyev Beynəlxalq Ağır Atletika Federasiyasının rəhbərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 15-də Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayanı qəbul edib.
omaş Ayan Azərbaycanda idmanın bütün növlərinin, o cümlədən ağır atletikanın inkişafına yaradılan şəraiti yüksək qiymətləndirərək, göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Federasiyanın prezidenti 2010-cu ildə Sinqapurda keçirilən Yeniyetmələrin I yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının əldə etdiyi qələbə münasibətilə dövlətimizin başçısını təbrik etdi.

Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı Sinqapurda keçirilən Yeniyetmələrin I yay Olimpiya Oyunlarında idmançılarımızın əldə etdiyi uğurları ölkəmizdə idmana dövlət səviyyəsində göstərilən diqqətin nəticəsi kimi dəyərləndirdi. Prezident İlham Əliyev Azərbaycanda məşhur olan idmanın bu növünün daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu qeyd etdi.

Dövlətimizin başçısı Beynəlxalq Ağır Atletika Federasiyasının Azərbaycanda ağır atletikanın inkişafına göstərdiyi dəstəyə görə Tomaş Ayana təşəkkürünü bildirdi.

AzərTAc

Xəbər 2438 dəfə oxundu.