Bakıda güləş məşqçiləri üçün seminar
Güləş idman növünün qaydalarına edilən əlavə və dəyişikliklər barədə məşqçi müəllimləri müfəssəl məlumatlandırmaq məqsədilə Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyası tərəfindən həm paytaxtda, həm də bölgələrdə mütəmadi olaraq seminarlar təşkil olunur. İdman.com.az saytı awf-az.org-a istinadən xəbər verir ki, növbəti belə seminar bu gün Olimpiya Güləş Mərkəzində Bakı və Bakı ətrafı rayonlarla yanaşı, Naxçıvanda fəaliyyət gösətərən sərbəst və yunan-Roma güləşi üzrə məşqçi müəllimlərin iştirakı ilə keçirilib.

Seminarı giriş sözü ilə açan AGF-nin baş katibi, olimpiya dərəcəli hakim Əjdər Cəfərov hazırlıqların yeni qaydalara uyğun aparılmasının və güləşçilərin daim qaydalara riayət etməsinin vacibliyini bildirib.
"Təkcə fiziki cəhətdən güclü olmaq azdır. Həmçinin taktiki bilikləri də artırmaq, eyni zamanda qaydalara riayət etmək, nümunəvi idmançı olmaq lazımdır. Xalça üzərində rəqiblə qaydalar çərçivəsində mübarizə aparmaq, hakimlə mübahisə etməmək önəmlidir".

Seminar zamanı məşqçi müəllimlərə yeni qaydalar barədə məlumat verilib, son keçirilən yarışlardan videogörüntülər izlənilib, mübahisəli məqamlar üzərində müzakirələr aparılıb.
Sonra seminar iştirakçılarını maraqlandıran suallar AGF Hakimlər Kollegiyasının üzvləri tərəfindən cavablandırılıb.

Qeyd edək ki, analoji seminar iyulun 22-də İsmayıllı Olimpiya Kompleksində, iyulun 23-də isə Sabirabad Olimpiya İdman Kompleksində baş tutacaq.

İsmayıllıda keçiriləcək seminarda Azərbaycan Güləş Federasiyasının 2, 3, 5, 6 və 7 saylı nümayəndəliklərində fəaliyyət göstərən məşqçi müəllimlər iştirak edəcək. Sabirabaddakı seminar isə AGF-nin 4 saylı nümayəndəliyində fəaliyyət göstərən məşqçi müəllimlər üçün təşkil olunacaq.

Xəbər 1378 dəfə oxundu.