“Rəvan” ilk yoxlama oyununu keçirdi
Sloveniyanın Maribor şəhərində təlim-məşq toplanışında olan “Rəvan” adıçəkilən ölkədə ilk yoxlama oyununu keçirib. Baş məşqçi Ramil Əliyev yetirmələrini yerli klubla oyunda sınayıb.

Belə ki, “Rəvan”ın rəqibi “Aluminiy” klubu olub. Matç 1:1 hesabı ilə başa çatıb. “Rəvan”ın qoluna 70-ci dəqiqədə Miloş Adamoviç imza atıb.
Qeyd edək ki, “Aluminiy” 2012/13 mövsümündə Sloveniya çempionatının güclülər dəstəsində mübarizə aparıb. Lakin mövsümü sonuncu – 10-cu pillədə başa vuraraq 1-ci liqaya yuvarlanıb. 1946-cı ildə yaradılan kluba yerli mütəxəssis Ante Şimunca başçılıq edir.

“Rəvan” Bakıda 3 yoxlama oyunu keçmişdi. AZAL-a hər iki oyunda uduzan (0:3, 0:1) Ramil Əliyevin yetirmələri “Qaradağ”la sülh bağlayıb (1:1).

Xəbər 1129 dəfə oxundu.