İraq komandası birinci Dünya Futbol Kuboku yarışının qalibi olub
İyulun 14-də Bakıda təşkil olunan Beynəlxalq Hərbi İdman Şurasının hərbçilər arasında birinci Dünya Futbol Kuboku yarışının final oyunu kecirilib.

“Dalğa Arena”da keçirilən oyunda Oman və İraq yığmaları birincilik uğrunda mübarizə aparıblar.
Maraqlı idman mübarizəsi şəraitində keçən oyunda İraq millisi Oman komandasına 3:2 hesabı ilə qalib gəlmiş və yarışın kubokunun və qızıl medalının sahibi olub.
Qarşılaşmanı azərbaycanlı baş hakim Rəhim Həsənov idarə etmişdir. Ona həmyerlisi Zeynal Zeynalov və Birləşmiş Ərəb Əmirliklərindən Saleh Al-Marzouqi kömək ediblər.
Oyun “İdman-Azərbaycan” kanalı və çempionatın rəsmi internet səhifəsində (www.cism-wft2013.az) canlı yayımlanıb.
Sonda turnirin qaliblərinin təltif olunma mərasimi keçirilib.
Əvvəlcə final oyunun hakimləri mükafatlandırılıblar.
Sonra yarışın kuboku və qızıl medalları İraq, kubok və gümüş medalları Oman, kubok və bürünc medalları isə Kot-Divuar komandalarına təqdim olunub.
Mükafatları Azərbaycan Respublikası müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov, Beynəlxalq Hərbi İdman Şurasının prezidenti Hamad Kalkaba, Mərkəzi Ordu İdman Klubunun rəisi Natiq Əliyev, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, AFFA-nın baş katibi Elxan Məmmədov, AFFA-nın üzvü, futbol veteranı İsgəndər Cavadov və başqaları təqdim etmişlər.
Ədalətli Oyun Kuboku Hərbçilər arasında 1-ci Dünya Futbol Kuboku turnirini dördüncü yerdə başa vuran Azərbaycan komandasına təqdim olunub.

Ən yaxşı qapıçı nominasiyasının qalibi Azərbaycan milli komandasının qapıçısı Aqil Məmmədov, ədalətli oyunçu nominasiyasının qalibi isə Nodar Məmmədov seçilib.
Beynəlxalq Hərbi İdman Şurasının hərbçilər arasında birinci Dünya Futbol kuboku yarışında ümumilikdə 16 dövlətin futbol komandası mübarizə aparıb.

Xəbər 732 dəfə oxundu.