Azərbaycan millisi Oman yığması ilə qarşılaşacaq
Bakıda Beynəlxalq Hərbi İdman Şurasının hərbçilər arasında birinci Dünya Futbol Kuboku yarışları davam edir.

Azərbaycan millisi iyulun 12-də Dünya Futbol Kuboku yarışlarının yarımfinalı çərçivəsində Oman komandası ilə qarşılaşacaqdır.
Saat 21:00-da “Dalğa Arena”da başlayacaq oyunda qalib gələn komanda finala çıxacaqdır.

“Şəfa” stadionunda isə İraq və Kot-Divuar komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Hər iki oyun saat 21.00-da başlayacaq.
“Dalğa Arena”da keçiriləcək Azərbaycan–Oman oyunu İdman Azərbaycan kanalı və çempionatın rəsmi internet səhifəsində (www.cism-wft2013.az) canlı yayımlanacaq.

Dörddəbir final mərhələsində Azərbaycan millisi Bəhreyn komandası ilə qarşılaşmışdır. İlk qolu Azərbaycan komandası vurub fasiləyə üstün vəziyyətdə getsə də, sonradan Bəhreyn komandası iki qola imza ataraq önə keçib. Oyunun əsas vaxtı 2:1 hesabı ilə Bəhreyn komandasının xeyrinə yekunlaşmaq üzrə olarkən, hakimin əsas vaxta əlavə etdiyi son dəqiqədə Azərbaycan komandası hesabı bərabərləşdirib. Qarşılaşma heç-heçə başa çatdığı üçün 30 dəqiqəlik əlavə vaxt verilmiş və Azərbaycan komandası 106-cı dəqiqədə Rəhman Hacıyevin vurduğu qol nəticəsində 3:2 hesabı ilə əzmkar qələbə qazanmış və yarımfinala vəsiqə qazanıb.

Xəbər 668 dəfə oxundu.