Azərbaycan millisi Oman komandası ilə oynayacaq
İyulun 10-da Bakıda Beynəlxalq Hərbi İdman Şurasının hərbçilər arasında birinci Dünya Futbol Kuboku yarışlarında dördəbir final mərhələsinin oyunları keçirilib.

Dörddəbir final mərhələsinin ən gərgin və həyəcanlı oyunu Azərbaycan millisi ilə Bəhreyn komandası arasında olmuşdur. İlk qolu Azərbaycan komandası vurub fasiləyə üstün vəziyyətdə çıxsa da, sonradan Bəhreyn komandası iki qol vuraraq önə keçib.

Oyunun əsas vaxtı 2:1 hesabı ilə Bəhreyn komandasının xeyrinə yekunlaşmaq üzrə olarkən, hakimin əsas vaxta əlavə etdiyi son dəqiqədə Azərbaycan komandası hesabı bərabərləşdirmişdir. Qarşılaşma heç-heçə başa çatdığı üçün 30 dəqiqəlik əlavə vaxt verilmiş və Azərbaycan komandası 106-cı dəqiqədə Rəhman Hacıyevin vurduğu qol nəticəsində 3:2 hesabı ilə əzmkar qələbə qazanıb.
Dörddəbir final mərhələsində keçirilən digər 3 oyunda isə komandaların taleyinə əsas vaxtda aydınlıq gətirilib.

İraq yığması Əlcəzair komandasından 2:1 hesabı ilə üstün olub. Oman komandası isə Qətər üzərində 3:0 hesabı ilə qələbə qazanıb. Sonuncu oyunda isə Kamerun komandası 1:2 hesabı ilə Kot-Divuar komandasına məğlub olub.

Beləliklə, Azərbaycan, İraq, Oman və Kot-Divuar komandaları yarışların yarımfinal mərhələsinə keçiblər.

Xəbər 758 dəfə oxundu.