"Neftçi"və "Xəzər Lənkəran"mübarizəyə qoşulur


Bu həftə ölkəmizin daha iki klubu Avrokuboklarda mübarizəyə qoşulur. Sabah "Neftçi" Zaqrebdə məşhur "Maksimir" stadionunda bu mərhələdə mümkün ən çətin rəqiblə üz-üzə gələcək. Ertəsi isə "Xəzər Lənkəran" Tel Əvivdə "Makkabi"nin qonağı olacaq.


Qitəmiqyaslı yarışlara ikinci mərhələdən qoşulacaq komandalarımız - "Neftçi" və "Xəzər Lənkəran" da artıq təlim-məşqləri başa vuraraq, oyun saatını gözləyirlər.
Avstriyada qərar tutmuş hər iki klubumuzun Avropa oyunlarına hazırlığı tam fərqli keçib. "Neftçi" cəmi bir əcnəbi ilə anlaşıb. Komanda yola saldığı qapıçı Paulyus Qribauskası serbiyalı Saşa Stamenkoviçlə əvəzləyib. "Kayseri Ərciyəsspor"a keçmiş Amit Quluzadəni nəzərə almasaq, klubun elə də böyük itkilərə məruz qaldığını söyləmək olmaz. Bu isə komandanın nisbətən sabit oynayacağına ümidləri artırır və ümid də elə bunadır. "Neftçi"nin keçirdiyi yoxlama matçlar da buna ümid verir. Hərçənd məşqçinin bütün görüşlərdə heyətdə qalaqurmalara çox yol verməsi onun hələ də axtarışda olduğunu göstərir. Komanda Türkiyədəki təlim-məşqi Zaporojye "Metallurq"u ilə görüşdə Rəşad Abdullayev, Flavinyo və Denis Sİlvanın qolları ilə (3:0) başa vurmuşdusa, Avstriyada Albaniya "Skenderbu"su ilə 1:1 (Flavinyu, 45-pen), Rumıniya "Timişoara"sı ilə 1:0 (Mpenza, 66) və Çexiya "Viktoriya"sı ilə 0:1 hesablı matçlarda bir sıra məqamlar qaranlıq qalıb. "Dinamo" ilə matçda orta xətdəki idarəedicilik həlledici olacaq. Elə buna görə də, bu zolaqdakı vəziyyət bir qədər şübhələrə əsas verir. Bir-iki böyük transferə ehtiyacı duyulsa və bunlar edilməsə də, "Neftçi"nin bir neçə il əvvəlki ritmlə qitə arenasına qayıdacağına ümidlər var. Xorvatiya çempionu keçilsə, komandanın sonrakı uğuruna da inam yaranar.
"Neftçi"dən fərqli, "Xəzər Lənkəran" əsl dəyişikliklər selinə məruz qalıb. Bu arada komandada 16 futbolçu baxışda olub. Onlardan 8-i ilə müqavilə imzalanıb və 7-si qarşıdakı oyuna sifariş ərizəsinə salınıb. Ən çox dəyişiklik hücum xəttindədir. Klubun yeni fiziki hazırlıq məşqçisi italiyalı Covanni Melkiorrenin bacarığının kara gələcəyinə inam olsa da, hər halda, bu qədər yeniləşmənin nəticəsini yalnız Tel Əvivdə görmək mümkün olacaq. Klubun ilk əcnəbi transferləri 31 yaşlı rumın hücumçu Marius Onofraş ("Styaua") və Belçika "Jerminal"ından nigeriyalı forvard Tosin Dosunmuya (o, sifariş ərizəsinə salınmayıb) Rumıniya "desant"ına "Styaua"dan daha iki futbolçu - braziliyalılar, dayaq yarımmüdafiəçi Rikardu Qomeş Villana, 30 yaşlı sağ cinah müdafiəçisi Eder Joze de Oliveyra Bonfim və daha bir müdafiəçi - boşnak Veldin Məhərrəmoviç də əlavə olunub. Hücum xəttində "Oselul"dan 31 yaşlı macar əsilli rumın Çaba Borbeli və Kiprdə Nikosiya "Olimpiakos"unun şərəfini qorumuş 31 yaşlı portuqaliyalı Joau Pintu Paulu Ribeyruya da ümidlər var.
Baş məşqçi Mirça Redinikin qapıçı həmvətəni, 39 yaşlı Adrian Vlası da bəyənməyərək geri qaytardığı söylənilir. Klubda litvalı müdafiəçi Ramunas Radaviçyus da baxışdadır.
Əsaslı dəyişikliklər aparıldığından və çox sayda futbolçu sınağa cəlb edildiyindən, komandanın son hazırlıq imkanları barədə qəti rəy söyləmək olmur. Drezden "Dinamo"su ilə heç-heçədən (0:0) sonra, həvəskar Avstriya "Fulmpes"ini darmadağın etmiş (12:0) klub, sonra daha bir alman klubu "İnqolştadt"a məğlub oldu (1:4 - qol: Joau Pintu Paulu Ribeyru) və Xorvatiya Zaqrebi ilə oyunda yenə hesabı aça bilmədi (0:0).
Nə qədər şübhələr doğursa da, klubun transferlərini qiymətləndirsək, bu mərhələdə uğur qazana biləcəyinə ümid var. Amma mübarizəyə sabah və birisigün qoşulacaq hər iki klubumuzun imkanlarını yalnız meydan göstərəcək.

Xəbər 936 dəfə oxundu.