Əsgər Abdullayevə “Araz”ın özəl forması hədiyyə olunub
İyulun 9-da Şərur Olimpiya İdman Kompleksində “Araz” Peşəkar Futbol Klubunun peşəkar oyunçularla müqavilə bağlanması mərasimi keçirilib. İdman.com.az saytı xəbər verir ki, tədbirdə klubun icraçı direktoru Orxan Cabbarov muxtar respublikada futbola olan diqqət və qayğıdan danışıb, klubun yaradılmasının futbol azarkeşlərinin sevincinə səbəb olduğunu bildirib.

Sonra “Araz” PFK baş məşqçisi Əsgər Abdullayev media nümayəndələrini maraqlandıran sualları cavablandırıb. Hazırlıqların proqram əsasında davam etdirildiyini bildirən baş məşqçi vurğulayıb ki, klubun heyəti tamamilə azərbaycanlı futbolçulardan ibarətdir.

“Naxçıvanda idmana, eyni zamanda futbola olan münasibət ən yüksək səviyyədədir. Burada yaradılmış idman infrastrukturu imkan verir ki, məşqlərimiz lazımi səviyyədə keçsin”-deyən Əsgər Abdullayev komandanın təlim-məşqlərinin ikinci mərhələsinin Bakı şəhərində davam etdiriləcəyini qeyd edib.

Mərasimdə oyunçularla müqavilə imzalandıqdan sonra klubun icraçı direktoru Orxan Cabbarov 85 nömrəli rəmzi formanı baş məşqçiyə təqdim edib.

Xəbər 2495 dəfə oxundu.