“Qarabağ”ın zəhmətini digər klublar niyə yerə vurur?!

Bu dəfə iki fərqli hissə müşahidə etdiyimiz oyuna, əslində, baş məşqçi tam fərqli bucaqdan baxaraq, onu tam məşq proqramına da çevirə bilərdi. Lakin o, çox uyğun seçimlə birinci yarıda oyunun ipini əldən vermədən rəqibi tam mat vəziyyətinə saldı və ikinci hissədə, deyərdim ki, növbəti oyunun ilk məşqini keçirdi. Ürəkaçan isə artıq qalib ruhlu komandamızı meydanda görmək idi. Özü də əsasını yerli futbolçular təşkil edən və illərdir bu xəttindən əl çəkməyən klubun oyunçularında ilk mərhələlərdə rəqiblərə hörmətlə yanaşı, üstünlük psixologiyasının hakim olması onun oyununa da əminlik gətirir. Bu futbolçuları elə milli komandada belə görürük. Çox təəssüf ki, yığmaının sükançısı heç də bu addımları ata və onlardan tam istifadə edə bilmir.
Doğrudur, "Qarabağ" ikinci mərhələdə daha çətin rəqiblə üz-üzə gələcək. Hər kəsdə inam olsa da, ada komandasına heç də yuxarıdan aşağı baxmaq olmaz. Qarşıdakı görüşdə Qurban Qurbanovun işi tam fərqli olacaq. Futbolçularımız son illərdəki uğurların təsadüf olmadığını bir daha sübut etmək üçün Litva səfərindən tam fərqli inad və oyun düşüncəsi nümayiş etdirməlidirlər. Çünki bu rəqib öz zəifliyi ilə məhz epizod amilindən yararlana bilir.
Maraqlıdır ki, ilk mərhələdə futbolmuzun simasını tam aydınladan iki fərqli komandanın oyununu izlədik. İlk oyundan sonra nəyəsə arxayın olan AzAL, UEFA-nın qərarı ilə, Avropaya sponsorunun adı ilə buraxılmamasına sevinməlidir. Çünki onun meydanda göstərdiyi oyunda klub adına yaraşan heç nə görmədik. Futbolçular nəyə arxayın idi - bunu sonadək aşkarlamaq olmadı. Bu qənaətə gəlmək də olar: AzAL tanıtma vərəqində Avrokubokda oynadığını göstərən bir oyun əlavə etmək üçün meydana çıxmışdı və bu rəqabəti də yola verib mübarizədən kənarlaşdı. Əslində, bu komanda qitə arenasına çıxmağa heç layiq də deyildi. Əminəm ki, AzAL-dan başqa hansı komandanı, hətta aşağı divizionun, artıq dağılmış kollektivini meydana buraxsaydın, rəqibinə qalib gələ bilərdi. "Bəs nə üçün belə oldu" sualının cavabı isə birmənalı deyil. Amma onun kökündə məsuliyyətsizlik dayanır. Çox təəssüf ki, "Qarabağ"ın damla-damla topladığı reytinq xallarını məhz belə klublarımız heç edirlər.
Baş verənləri dərindən izləsək, aydın olar ki, AzAL heç Avrpaya yollanmağı da planlaşdırmırmış. Təsadüf onların yolunu açdı. Çünki mövsüm başa çatandan sonra klub rəhbərliyi və onun məşqçi heyəti lazım olan qərarları vermədilər. Nə komanda gücləndirildi, nə lazım olan təlim-məşq toplanışı keçirildi. Nazim Süleymanov, doğru olaraq, son ilyarımda klubda olduğunu və nəticəyə də təkcə məsuliyyət daşıdığını deyir. Bəli, səviyyəli məşqçi ilyarıma Avropaya çıxan komanda hazırlayırsa, artıq bu mərhələni də birnəfəsə keçməliydi. Amma günah təkcə onda deyil. Bəs klub rəhbərliyi hara baxırdı? Olmaya Avropaya çıxmağı onlar futbol tərcümeyi-hallarının uğurlu sətirləri sayırlar? Əsla belə deyil. Artıq o illər arxadadır və ilkin mərhələlərdə klublarımızdan uğur qazanmayanın rəhbərliyi günahkar sayılmalıdır. Ötən il "Bakı"nın səhlənkarlığı bu gün həmin komandanın uçuruma yuvarlanması ilə nəticələnibsə, demək, lazımi qəraralar verilməsə, AzAL-ı da həmin aqibət gözləyir.
Amma mənə qəribə və acı gələn klublarımızın bu səhlənkarlığının səbəbləridir. Onlar uzun illərdir oturduqları mövqeləri yeni və daha bacarıqlılara təhvil vermək istəmədən, futbolumuzda monopolist rejim yaradırlar. Ən vacibi isə, heç bir iş görmək niyyətini də ortaya qoymurlar. Yeni stadion inşa etdirmiş bir klubun indi özünün təməl strategiyası və prinsipləri, yanaşma tərzi və üslubu, sistem və siyasəti olmalıdır. Bu komandada isə hər şey dövri tələblərə tabe etdirilib. Bəs onda komandanın fəaliyyəti Azərbaycan futboluna nə verəcək və bu klub niyə fəaliyyət göstərir?
Diqqət etsəniz, "Qarabağ"dan və son bir ildə "Neftçi"dən başqa, heç bir klubun nə köklü yanaşma prinsipi, nə iş sistemi var, nə də plan və niyyəti. Əcnəbi baş məşqçilər gətiriləndə, onların vətənindən və onları gətirənlərin bir yığın futbolçusu gətirilir, yerli mütəxəssis olanda isə - məşqçidən tutmuş, klub rəhbərliyində yer alanların niyyətinə uyğunlar heyətdə yer alır. Bəs yeni nəsil, gənc kadrlar və formalaşmış sistem, siyasət, təsərrüfat necə olsun? Yaxşı, bunları bir kənara qoyaq, heç olmasa, iş prinsiplərində vahid yanaşmanı görək. Belə davam etsə, bütün uğurlar da ani və ötəri olacaq.
BATI YAR

“Qarabağ” – “Banqa”. 3:0 (2:0), İlk oyun – 4:0
“Minsk - “Olimpik”. 2:1 (2:0) , ilk oyun – 1:1

Xəbər 1067 dəfə oxundu.