Ülviyyə Kərimova: “Sevinirəm ki, debütüm pis alınmadı”
Kazanda keçirilən XXVII Yay Universiadasının kəmər güləşi yarışlarında yığma komandamızın üzvü Ülviyyə Kərimova 52 kq çəki dərəcəsində gümüş medal qazanıb. İdman.com.az saytı xəbər verir ki, Ülviyyə 1989-cu ildə Sumqayıtda anadan olub və Voronej Bədən Tərbiyəsi İnstitutunda təhsil alır.

Yarışdan sonra Ülviyyə Kərimova Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətinə fikirlərini bildirib: “Dəfələrlə beynəxlaq yarışların mükafatçısı olsam da, bu həyatımda, hələlik ən böyük uğurumdur.

17 yaşımadək sərbəst güləşlə məşğul olmuşam. Sonradan məşqçimin təkidi ilə kəmər güləşinə keçdim. Əvvəl fikirləşirdim ki, bu mənim üçün müvəqqətidir, bir neçə yarışdan sonra qayıdaram sərbəst güləşə. Lakin gördüm ki, kəmər güləşi mənim üçün daha cəlbedici və uğurludur.

Bu mənim yığma komandada ilk yarışım idi. Sevinirəm ki, debütüm pis alınmadı. Balaca bacım da kəmər güləşi ilə məşğuldur. O dünya çempionatının bürünc medalını qazanmışdı. Deməli, ailəmizdə böyük yarışlardan bir bürünc və bir gümüş medal var. İndi qaldı onların yanına qızıl medal da əlavə etmək”.

Xəbər 1225 dəfə oxundu.