London – 2012-yə doğru

(Əvvəli ötən saylarımızda)

Suya tullanma (29 iyul-11 avqust) - 8 medal dəsti

İlk baxışda cəlbedici görünməsə də, britaniyalılar üçün bu növün sıx proqramları kifayət qədər diqqətçəkəndir. Uest Hemdə Olimpiya parkının hovuzunda cərəyan edəcək hadisələr iyulun 29-da qadınların 3-metrlik tramplindən sinxron sıçrayış mübarizəsindən 2 gün sonra, 10-metrlik platformadan sinxron suya tullanma yarışı təşkil olunacaq. İyulun 30-da kişi sinxron platforma (10 metr) sıçrayışı, avqustun 1-də sinxron tramplin (3 m) yarışı keçiriləcək.
Bir günlük fasilədən sonra, avqustun 3-dən 5-dək qadınlar 3 metrlik tramplindən tullanmanın seçmə, yarımfinal və final mübarizəsində olacaqlar. Avqustun 6-7-də kişilər eyni proqramda qalibi müəyyənləşdirəcəklər. Ayın 8-9-da qadınlar, 10-11-də kişilər 10 metrlik platformada fəxri kürsünün pillələrində qərar tutanları aydınlaşdıracaqlar.


Su polosu (29 iyul-12 avqust)- 2 medal dəsti

Uest Hemin Olimpiya parkının su polosu arenasında keçiriləcək yarışlarda avqustun 7-nə kimi ilkin mərhələ oyunları olacaq. Gün ərzində keçiriləcək 6 oyun, hərəsində iki qarşılaşma olmaqla, 3 seansa bölünəcək. Bir bölümün qiyməti 20-65 funtdur. Avqustun 7-də 5-8-ci yerlər uğrunda yarımfinal qarşılaşmaları olacaq. Qiymət nisbətən yüksələcək - 30-95 funt. Ertəsi gün kişilərin 1/4 final oyunları olacaq. Ayın 9-da 5-6-cı və 7-8-ci yerlər uğrunda final matçları gözlənilir. Həmin gün qadınlar fəxri kürsünü bölüşdürən oyunları keçirəcəklər. Avqustun 10-da və 12-də kişilər su hovuzunda olacaqlar. Əvvəlinci günə 5-8-ci yerlər uğrunda matçlar təyin olunub. Ayın 12-dəki 5-6-cı və 7-8-ci yerlər uğrunda matçlarda komandalar qüvvə sınağına çıxacaqlar.

Taekvondo (8-11 avqust) - 8 medal dəsti

"İksSell"də keçiriləcək taekvondo yarışları da idmansevərlərimizin diqqət mərkəzində olacaq. Artıq bu yarışlara vəsiqə qazanmış idmançılarımız da var. Burada Bakda keçirilən olimpiya təsnifat yarışlarında bir qadın və bir kişi idmançımız da vəsiqə qazanıb. Londonda yarış 58 kq çəki dərəcəsində kişilərin, 49 kq-da qadınların mübarizəsi ilə start götürəcək. Bütün yarışlar 3 seansda keçiriləcək. Səhər saatlarında 1/4 finala qədər olan yarışlar baş tutacaq. Günortadan sonra medal kürsüsünə aparan yol müəyyənləşəcək. Nəhayət, axşam saatlarında fəxri kürsüdə yer alanlar aşkar olunacaq. Hər seansda arenaya daxil olmaq üçün tamaşaçılar fərqli məbləğlər ödəməli olacaqlar.
Avqustun 9-da döşək üzərinə 68 kq-da kişilər, 57 kq-da qadınlar çıxacaqlar. Ertəsi 80 kq-da güclü, 67 kq-da zərif cinsin nümayəndələri münasibətlərini aydınlaşdıracaqlar. Nəhayət, avqustun 11-də bundan əvvəl qeyd olunan çəkilərdən ağır olanlar arasında planetin son dördillikdəki ən güclülərinin adları açıqlanacaq.

Tennis (28 iyul-5 avqust) - 5 medal dəsti

Bu idman növünün tarixində "Böyük dəbilqə" adlanan 4 möhtəşəm yarışdan biri məhz "Uimbldon Open" adlanır. Olimpiya günlərində dünyanın ən güclü tennisçiləri bu turnirdə qazanılan tituldan da vacibini qazanmaq üçün bəlkə də çox şeylərdən keçməyə hazır olacaqlar. Axı, hər il dünyanın ən parlaq tennisçilərinə şərəf verən "Uimbldon" cəmi 3-cü dəfədir ki, olimpiya oyunları həyəcanına şahid olur. Yarışlar kişi və qadınların həm tək, həm də cüt yarışlarının seçmə mərhələ üçgünlüyü ilə start götürəcək. Gün ərzində keçirilən yarışlar 3 hissəyə bölünəcək və nə qədər maraqlı olsa da, tribunalara daxil olmaq üçün qiymətlər də fərqlənəcək. Burada seanslar günün müəyyən hissələrinə deyil, kortlara görə bölünəcək. Ən güclülərin yarışını 30-85 funta izləmək olar.
İyulun 31-də və avqustun 1-də keçiriləcək mübarizələrə də qiymətlərdə heç bir dəyişiklik yoxdur. Bu günlərdə fərdi mübarizələrdə 2-ci və 3-cü mərhələnin oyunları olacaq. İyulun 31-də kişi və qadın cütləri 1/4 final mübarizəsinə çıxacaqlar. Ertəsi qarışıq qoşaların (bir kişi və bir qadın) birinci mərhələ mübarizəsinə start veriləcək.
Avqustun 2-də həm kişi, həm də qadınlarda təklər 1/4 finalın yarışına çıxacaqlar. Qoşaların mübarizəsində isə yarımfinal məqamı yetişəcək. Qarışıq qoşalarda 8 cütlüyün rəqabətinin qalibləri aşkarlanacaq.
Ertəsinə cəmi iki kortda yarış planlaşdırılıb. Bu gün ərzində həm təklərdə, həm də qarışıq qoşalarda finala adlayanlar məlum olacaq.
Nəhayət, avqustun 4-5-də medal həyəcanı yaşanacaq. Ayın 4-də 1 saylı kortda kişilərin qoşa, qadınların fərdi və qarışıq qoşaların 3-cü yer uğrunda mübarizəsi gedəcək. Mərkəzi meydançada isə qadınların fərdi, kişilərin qoşa yarışlarında ən güclü "uimbldonçular" müəyyənləşəcək.
Ayın 5-də 1 saylı kortda kişilərin tək, qadınların qoşa yarışlarında fəxri kürsünü qapayanlar məlum olacaq. Əsas meydan isə dünyanın diqqət mərkəzinə düşəcək. Burada kişilərin fərdi mübarizəsində ötən əsrin ikinci yarısından bu yana "Uimbldon"un ən bəxtəvər qalibi müəyyən olunacaq. Burada həmçinin qadınların qoşa, ardınca qarışıq qoşa yarışların qalibləri də elan ediləcək.

Triatlon (4 və 7 avqust) - 2 medal dəsti

Məşhur Hayd Parkın Naytsbric, Viktoriya və Paddinqton ərazilərini əhatə edən yarışın birinci günü qadınlar mübarizə meydanlarında olacaqlar. Ayın 7-də isə kişilər qüvvə sınağına çıxacaqlar. Yarışlar təxminən 2 saat yarım sürəcək.

Üzgüçülük (28 iyul-4 avqust və 9-10 avqust) - 34 medal dəsti

Atletika ilə yanaşı, olimpiadanın əsas medal paylayan növü olan üzgüçülük üzrə yarışlar Uest Hemdə, Olimpiya parkının "Akuatiks Sentr"ində keçiriləcək və təbii ki, dünyanın diqqət mərkəzində olacaq. Son gün istisna olmaqla, yarışlar gün ərzində iki növbədə təşkil olunacaq. Səhər yarışları yerli vaxtla günorta saat 1-ə, axşam isə 8-in yarısından gecəyədək davam edəcək.
Yarış proqramı isə belədir:
28 iyul: kişilər - 100 m brass, 400 m sərbəst və fərdi qarışıq, qadınlar - 100 m batterflay, 400 m fərdi qarışıq, 4 x 100 m sərbəst üsul estafetində seçmələr (səhər yarışları); kişilər - 100 m brass yarımfinalı, 400 m sərbəst və fərdi qarışıq finalları və mükafatlandırma, qadınlar - 100 m batterflay yarımfinalı, 400 m fərdi qarışıq və 4x100 m sərbəst üsul estafetində finallar və mükafatlandırması (axşam yarışları).
29 iyul: kişilər - 100 m arxası üstə, 200 m sərbəst, 4x100 m sərbəst üsul estafeti, qadınlar - 100 m brass və arxası üstə və 400 m sərbəst (səhər yarışları); kişilər - 100 m arxası üstə və 200 m sərbəst yarımfinalları, 100 m brass və 4x100 m sərbəst üsul finalları və mükafatlandırması, qadınlar - 100 m brass və 100 m arxası üstə yarımfinalı, 100 m batterflay və 400 m sərbəst üsul finalları və mükafatlandırması (axşam yarışları).
30 iyul: kişilər - 200 m batterflay seçmələri, qadınlar - 200 m sərbəst və 200 m fərdi qarışıq seçmələri (səhər yarışları), kişilər - 200 m batterflay yarımfinalı, 100 m arxası üstə, 200 m sərbəst üsul finalları və mükafatlandırması, qadınlar - 200 m sərbəst və fərdi qarışıq yarımfinalları, 100 m arxası üstə və brass finalları və mükafatlandırması (axşam yarışları).
31 iyul: kişilər - 100 m sərbəst, 200 m brass və 4x200 m sərbəst üsul estafeti seçmələri, qadınlar - 200 m batterflay seçmələri (səhər yarışları); kişilər - 100 m sərbəst, 200 m brass yarımfinalları, 200 m batterflay və 4x200 m sərbəst üsul estafeti finalları və mükafatlandırması, qadınlar - 200 m batterflay yarımfinalı, 200 m sərbəst və fərdi qarışıq finalları və mükafatlandırması (axşam yarışları).
1 avqust: kişilər - 200 m arxası üstə və fərdi qarışıq seçmələri, qadınlar - 100 m sərbəst, 200 m brass, 4x200 m sərbəst estafet seçmələri (səhər yarışları); kişilər - 200 m arxası üstə və fərdi qarışıq yarımfinalları, 100 m sərbəst və 200 m brass finalları və mükafatlandırması, qadınlar - 100 m sərbəst və 200 m brass yarımfinalları, 200 m batterflay və 4x200 m sərbəst üsul estafeti finalları və mükafatlandırması (axşam yarışları).
2 avqust: kişilər - 50 m sərbəst, 100 m batterflay seçmələri, qadınlar - 200 m arxası üstə və 800 m sərbəst üsul seçmələri (səhər yarışları), kişilər - 50 m sərbəst və 100 m batterflay yarımfinalları, 200 m arxası üstə və 200 m fərdi qarışıq finalları və mükafatlandırması; qadınlar - 200 m arxası üstə yarımfinalları, 100 m sərbəst və 200 m brass finalları və mükafatlandırması (axşam yarışları).
3 avqust: kişilər - 1500 m sərbəst və 4x100 m qarışıq estafet seçmələri, qadınlar - 50 m sərbəst və 4x100 m qarışıq estafet seçmələri (səhər yarışları); kişilər - 50 m sərbəst və 100 m batterflay finalları və mükafatlandırması, qadınlar - 50 m sərbəst üsul yarımfinalları, 200 m arxası üstə və 800 m sərbəst üsul finalları və mükafatlandırması (axşam yarışları).
4 avqust: kişilər - 1500 m sərbəst və 4x100 m qarışıq estafet finalları və mükafatlandırması, qadınlar - 50 m sərbəst və 4x100 m qarışıq estafet finalları və mükafatlandırması (axşam yarışları).
Üzgüçülərin marafon yarışları hovuzdakı mübarizədən 4 gün sonra keçiriləcək. Hayd parkda avqustun 9-da qadınlar 10 km məsafəyə üzəcəklər. Ertəsi kişilər eyni məsafəni qət etməlidirlər.

(Ardı var)

Xəbər 1273 dəfə oxundu.