Kazanda XXVII Dünya Universiadası davam edir
Tatarıstanın paytaxtı Kazanda XXVII Dünya Universiadası davam edir.

Yarışın ikinci günü Azərbaycan idmançıları üç medal qazanıblar.
Belə ki, cüdoçumuz Məmmədəli Mehdiyevin (81) bürünc mükafata sahib olmasından sonra ikinci medal kəmər güləşi yarışlarından gəlib. Bu idman növündə ölkəmizi 52 kiloqram çəki dərəcəsində təmsil edən Ülviyyə Kərimova gümüş medal qazanıb.

O, yarışa 1/4 finaldan başlayıb. Ü.Kərimova finala gedən yolda Ukrayna pəhləvanı Lyudmila Matüşenko və Qazaxıstan təmsilçisi Gülnar Yerbolovu məğlub etmişdir. Lakin həlledici görüşdə güləşçimiz Türkmənistan idmançısı Gülbadam Babamuratovaya uduzaraq yarışı ikinci yerdə tamamlayıb.

Ağır atletika yığmamızın üzü Kristina Yovu (58 kq) birdən qaldırma hərəkətinə 100 kiloqramla başlamışdır. İlk yanaşması uğurlu olan atlet, sonrakı cəhddə 105 kiloqram sifariş vermişdir. Ancaq nə bu, nə də sonra yanaşdığı 106 kiloqramı qaldıra bilməmişdir. Buna baxmayaraq, atletimiz birdən qaldırma hərəkətində 3-cü yeri tutub.

Təkanla qaldırma hərəkətində K.Yovu daha möhtəşəm çıxış edib. O, hər üç yanaşmanı uğurla yerinə yetirmişdir. Ardıcıl 120, 124 və 126 kiloqramlıq ştanqları başı üzərinə qaldıran idmançımız, bu hərəkətdə 2-ci yeri tutub.

Toplamda 226 kiloqram (100 kq + 126 kq) nəticə göstərən Kristina Yovu ümumi sıralamada da ikinci olub.

Xəbər 791 dəfə oxundu.