Ruslar Azərbaycanı əsas rəqib sayır

Ninboda keçiriləcək şahmat üzrə dünya çempionatında Azərbaycan, Çin, Rusiya, Ukrayna, İsrail, Macarıstan, Hindistan, ABŞ, Misir və Ermənistan komandaları mübarizə aparacaqlar. Şəhriyar Məmmədyarov, Vüqar Həşimov, Teymur Rəcəbov, Qədir Hüseynov və Rauf Məmmədovdan ibarət Azərbaycan komandası bu yarışda əsas favoritlərdən hesab olunur. Bunu qələbəyə əsas namizədlərdən biri olan Rusiyada da etiraf edirlər.
Moskva Şahmat Federasiyasının vitse-prezidenti Sergey Smagin bildirib ki, kişilərdən ibarət komandalar arasında Çinin Ninbo şəhərində keçiriləcək dünya şahmat çempionatının əsas favoritləri Rusiya şahmatçılarıdır. Rusiya komandası 2010-cu ildə Türkiyədə keçirilmiş bənzər turnirin qalibi olub. İyulun 16-dan 27-dək Çində keçiriləcək builki yarışlarda Rusiya komandasının tərkibinə Aleksandr Qrişşuk, Pyotr Svidler, Sergey Karyagin, Yan Nepomnyaşşiy və Nikita Vityuqov daxildir.
Smagin deyib: "Rusiya bu turnirin aşkar favoritidir, çünki komanda həm start reytinqinə görə birinci yeri tutur, həm də bütün şahmatçılar yaxşı formadadırlar. Məsələn, Sergey Karyagin bu yaxınlarda Rumıniyada keçirilmiş turnirdə norveçli Maqnus Karlsen ilə birinci-ikinci yerləri bölüşüb, Aleksandr Qrişşuk isə iddiaçıların Kazanda keçirilmiş yarışlarında uğurla çıxış edib. Qrişşuk iddiaçıların turnirində favorit sayılan Levon Aronyanı və Vladimir Kramniki mübarizədən uzaqlaşdırıb, lakin finalda israilli Boris Gelfanda uduzub".
S.Smaginin fikrincə, bu turnirdə birincilik uğrunda mübarizədə rusiyalıların əsas rəqibi Azərbaycanın komandası olacaq. O deyib: "Mən Rusiya yığma komandasının qələbə şansını 50 faiz, Azərbaycanın şansını 30 faiz qiymətləndirərdim. Ümid edirəm ki, bizim şahmatçılar bu çempionatda qalib gələcəklər, hərçənd turnir heç də asan olmayacaqdır".
Smagin Azərbaycan komandasının imkanlarını qiymətləndirərək vurğulayıb: "Bu, çox təcrübəli yığma komandadır. İddiaçıların turnirində Şəhriyar Məmmədyarovun və Teymur Rəcəbovun istifadə edilməmiş imkanları yenidən bu komandaya qayıtmış Vüqar Həşimovun ambisiyaları hesabına daha da möhkəmlənəcək". Mütəxəssis Ukrayna komandasının şansını aşağı dəyərləndirib: "Olimpiadanın qaliblərinin Çində də qələbə iddiasında olacaqlarını güman etmirəm. Əvvələn, onların məşqçisi dəyişib, ikincisi, komandanın tərkibi o qədər də güclü təsir bağışlamır".
Rusiya yığmasının üzvü Nikita Vityuqov da Azərbaycanı əsas rəqiblərindən sayır: "Əsas rəqiblərimiz, əlbətə ki, Çin və Azərbaycandır".
Yalnız Misiri zəif hesab edən şahmatçı, digər yığmaların da güclü olduğunu desə də, onların yalnız ayrı-ayrı matçlarda yaxşı oynaya bilmələrini, Çin və Azərbaycanın isə turnirboyu rəqabət aparmaq qüvvəsində olmalarını söyləyir. Vityuqov Azərbaycan yığmasının parlaq heyətə malik olmasını qeyd edir.
Rusiya yığmasının baş məşqçisi Yevgeni Bareyevin gördüyü rəqiblər siyahısı daha geniş olsa da, yenə də Azərbaycan ön sıradadır: "Bütün rəqibləri sadalamağa qəzetdə yer çatmaz. Lakin ən əsasları Azərbaycan, Ermənistan, Ukrayna və Çindir".

Xəbər 1173 dəfə oxundu.