Avropa çempionları Vətənə qayıtdılar
Arif Abdullayev: 27 ölkə arasında 1-ci olmaq böyük hadisədir

Makedoniya paytaxtı Skopyedə keçirilmiş gənc sərbəst güləşçilər arasında Avropa birinciliyində komanda hesabında ilk yeri tutan millimiz bu gün Vətənə qayıtdı. İdman.com.az saytı xəbər verir ki, qalibləri Heydər Əliyev Beynəlxalq Hava Limanında AGF nümayəndələri, idman azarkeşləri və KİV əməkdaşları qarşıladılar.

Seçmə komandanın böyük məşqçisi Arif Abdullayev açıqlamasında, bahadılarımızın qazandığı uğurları yüksək qiymətləndirdi: «Bu günlərimiz gözəl keçdi. İlk dəfə olaraq gənc güləşçilərimiz Avropa birinciliyində komanda hesabında birinci oldular. 27 ölkə arasında Azərbaycanın ilk sırada dayanması böyük hadisədir. Bu münasibətlə hamını təbrik edirəm.

Sözü gedən qələbənin qazanılmasında federasiya rəhbərliyi tərəfindən hər cür dəstək almışdıq. Təlim-məşq toplanışlarımız bu dəfə də yüksək səviyyədə keçmişdi. Əvvəlki yarışlarda 2-ci, 3-cü olmuşduq. Amma bu dəfə Avropa çempionatında qalib adını qazandıq».

Avropa çempionu Ruslan Surxayev yarışın gərgin idman mübarizəsi şəraitində keçdiyini bildirdi: «Çox sevinirəm ki, ermənistanlı idmançını məğlub etdim. Bu qələbə mənə çempion olmağımda böyük təkan verdi. Azərbaycan bayrağını Makedoniyada dalğalandırdığım üçün xoşbəxtəm».

Xatırladaq ki, millimiz qitə birinciliyində 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanaraq, hesabına 57 xal yazmışdı. 2-ci yeri Rusiya (53 xal), 3-cü sıranı Türkiyə (52 xal) komandası tutmuşdu.

KAMRAN

Xəbər 1309 dəfə oxundu.