Skopyedə güləş üzrə Avropa çempionatı başa çatıb
Makedoniyanın Skopye şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı başa çatıb.

Çempionatın sonuncu günündə 55, 66, 84 və 120 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər mübarizə aparıblar. Güləşçilərimiz son gündə 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.

Yarışa 1/8 finaldan mübarizəyə başlayan Ruslan Surxayev (55 kq) Ukrayna güləşçisi Vitali Rudenkonu məğlub edib. 1/4 finalda ermənistanlı Artak Hovannisyanla qarşılaşan təmsilçimiz qalib gəlmiş və yarımfinala vəsiqə qazanıb. Polşa güləşçisi Tomazs Ogonovskini tam üstünlüklə məğlub edən R.Surxayev finala yüksəlib. Həlledici görüşdə onun rəqibi Türkiyə güləşçisi Nebi Uzun olub. Tam üstünlüklə qalib gələn güləşçimiz Avropa çempionu olub.
Hacımurad Ömərov (66 kq) da 1/8 finaldan yarışa qoşulmuş, fransalı Conni Buru məğlub edən güləşçimiz 1/4 finala yüksəlmişdir. Bu mərhələdə o, gürcüstanlı Davit Buziaşvili ilə qarşılaşmışdır. İnamlı qələbə qazanan güləşçimiz yarımfinala yüksəldib. Yarımfinalda almaniyalı Kevin Henkeli də məğlub edən H.Ömərov finala yüksəlmişdir. Ancaq finalda Türkiyə güləşçisi Selahaddin Kılıçsallayanla görüş güləşçimiz üçün uğurlu alınmamış və H.Ömərov gümüş medalla kifayətlənib.

Əli Maqomedabirovun (120 kq) ilk rəqibi isə Rusiya güləşçisi Edvard Kodolayev olmuşdur. Təmsilçimiz çempionata qələbə ilə başlanıb. 1/4 finalda Türkiyə güləşçisi Yunus Emre Dedeni məğlub edən pəhləvanımız yarımfinala yüksəlib. Yarımfinalda gürcüstanlı Geno Petriaşviliyə uduzan güləşçimiz bürünc medal uğrunda görüşə çıxmışdır. Ermənistanlı güləşçi Hamlet Abrahamyanı tam üstünlüklə məğlub edən Ə.Maqomedabirov Avropa çempionatının bürünc mükafatını qazanıb.

Qeyd edək ki, sərbəst güləşçilərimiz yarışların ilk gününü 2 gümüş və 1 bürünc medalla tamamlayıb. Ümumilikdə, 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanan sərbəst güləşçilərimiz komanda hesabında 57 xalla Avropa birincisi olmuşlar. İkinci sırada Rusiya (53 xal), üçüncü sırada isə Türkiyə (52 xal) qərarlaşıb.

Xəbər 864 dəfə oxundu.