Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib
Prezident İlham Əliyev məktəbin aşılış mərasimində iştirak edib
Prezident İlham Əliyev iyulun 7-də Sumqayıt şəhərinə səfəri çərçivəsində 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib.
Məktəbin müəllim və şagirdləri dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, 1967-ci ildə istifadəyə verilmiş məktəb müxtəlif idman növləri üzrə olimpiya oyunlarının, dünya və Avropa çempionatlarının çoxlu sayda qalib və mükafatçılarını yetişdirib. Son vaxtlar məktəbin bir hissəsi əsaslı şəkildə bərpa olunub, digər hissələri isə tamamilə yenidən tikilib. Tikinti və əsaslı təmir işlərinə 2008-ci ildə başlanılmışdı. Məktəbin ümumi ərazisi 3 hektardır. Qapalı tikililərin ərazisi 5500 kvadratmetrdir ki, bunun da 3000 kvadratmetri yeni tikilidir. Kompleks bir neçə korpusdan ibarətdir. Burada inzibati korpus, idman zalları, müxtəlif təyinatlı otaqlar vardır.
Dövlətimizin başçısı əvvəlcə futbol meydançasında idmançılarla görüşdü, onlarla söhbət etdi. Məktəbin futbol meydançası ən müasir tələblər səviyyəsində qurulub. Meydançaya Niderland Krallığından gətirilmiş təbii örtük döşənib. Burada məktəbin 136 şagirdi futbolun sirlərinə yiyələnir. Stadionda keçirilən oyunları izləyən tamaşaçılar üçün 670 yerlik tribuna quraşdırılıb. İdman qurğusunda müasir drenaj sistemi qurulub.
Məktəblə tanışlıq zamanı Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, binanın birinci mərtəbəsində boks, voleybol və basketbol zalları, üzgüçülük hovuzu, tibb otağı, sauna yerləşir. İkinci mərtəbədə isə trenajor zalı, arxiv, loja, fitnes və tennis zalları fəaliyyət göstərir. Bundan başqa, məktəbdə tir və müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı da vardır.
Dövlətimizin başçısı boks zalına baxdı. Burada idmanın bu növü ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb.
Boks trenajor zalı ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verildi ki, burada quraşdırılan avadanlıq müasir standartlara cavab verir. Məktəbdə 72 gənc idmanın bu növü ilə məşğul olur.
Ümumi sahəsi 1320 kvadratmetr olan basketbol zalı əsaslı təmir olunub və məktəbdə idmanın bu növü ilə məşğul olmaq üçün hər cür imkan yaradılıb. Burada 100 gənc idmanın bu növünə cəlb edilib.
Məktəbdə müasir üzgüçülük hovuzu da gənclərin ixtiyarına verilib. Uzunluğu 25 metr, ümumi sahəsi 1320 kvadratmetr olan hovuz yeni tikililər sırasındadır. Burada ümumilikdə 100 nəfər üzgüçülüklə məşğul olur.
Məktəbdəki fitnes zalı da müasir səviyyədə yaradılıb. Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, burada ən müasir avadanlıq quraşdırılıb.
Tennis zalı ilə tanışlıq zamanı bildirildi ki, hazırda gənclərin idmanın bu növünə də marağı artmaqdadır. Bu amil nəzərə alınaraq tennis zalının imkanları genişləndirilib.
Məktəbdə boks təlim zalı da gənclərin ixtiyarına verilib.
Prezident İlham Əliyev məktəbin trenajor zalına da baxdı. Ümumi ərazisi 134 kvadratmetr olan zalda məşqlərin davamlı keçirilməsi üçün müasir idman qurğuları quraşdırılıb.
Tir otağında isə 56 gənc atıcılıq vərdişlərinə yiyələnir. Bütövlükdə məktəbin maddi-texniki bazasının təchizatında dünyanın aparıcı şirkətlərinin idman avadanlıqlarından istifadə edilib.
Dövlətimizin başçısına yeni yaradılmış iki tennis kortu barədə də məlumat verildi.
Yenidənqurma zamanı məktəbin həyəti abadlaşdırılıb, geniş yaşıllıq zolaqları salınıb. Binanı elektrik enerjisi ilə fasiləsiz təmin etmək üçün yarımstansiya quraşdırılıb.
Məktəblə tanış olan Prezident İlham Əliyev müəllim və şagirdlərə uğurlar arzuladı.

AzərTAc

Xəbər 9487 dəfə oxundu.