Giqqz - oynayan məşqçi
«Mançester Yunayted» yarımmüdafiəçisi Rayan Giqqzi rəsmən komandada oyunçu məşqçi vəzifəsinə təyin edib. İdman.com.az saytı xəbər verir ki, birinci komandada məşqçi kimi çalışacaq Fil Nevill də «Old Trafford»a dönür.

Giqqz artıq gələn yaya UEFA-nın Pro. Səviyyəli məşqçilik lisenziyasını alacaq. O vaxta kimi isə veteran futbolçu Devid Moyesə yardım edəcək. Moyes klubun rəsmi saytında yeni təyinatla bağlı bunları deyib:

«Rayanın oynayan məşqçi təyin olunmasından çox razıyam. Onun uğurları və oyununu uyğunlaşdırması illər ötdükcə ona müasir oyundan əvəzsiz perspektivlər verirdi. Onun karyerası istənilən gənc oyunçu üçün ilham mənbəyidi. Əminəm ki, onun yeni rolundan həm özü, həm də oyunçular çox fayda götürəcəklər».

Nevill qardaşlarının kiçiyi isə ötən mövsüm «Everton»da karyerasını başa vurmuşdu. Onun təyinatı hələ rəsmi təsdiqlənməsə də, İngiltərənin nüfuzlu nəşrləri bu məsələ barədə artıq baş tutmuş kimi yazırlar. Fil 11 mövsüm ərzində «Old Trafford»da 385 oyun keçirib. Nevill Moyeslə «Everton»da 7-illik birgə işdən yaxşı tanışdı.

Xəbər 1121 dəfə oxundu.