Finlandiyada azərbaycanlı idmançılar iclasda iştirak ediblər
Finlandiyanın Vuokatti şəhərində səmti müəyyən etmə idman növü üzrə keçirilən dünya çempionatı çərçivəsində idman xəritələri ilə iş, nəzarət məntəqələrinin məsafədə quraşdırılması üzrə nəzəri məşğələlər, müxtəlif parametrli məsafələrdə praktik məşqlər və seminar keçirilib.

Seminar çərçivəsində dünyanın 74 ölkəsindən olan komandalarının iclası da keçirilib. İclasda komanda nümayəndələri səmti müəyyən etmə idman növünün öz ölkələrindəki inkişaf səviyyəsindən və gələcək perspektivləri barədə ətraflı məlumat veriblər.

Tədbirdə Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyasının (ARSMEİF) prezidenti Mirəli Kazımov və Azərbaycan milli yığmasının baş məşqçisi Nizami Mursakulov iştirak ediblər.

İclasda çıxış edən Mirəli Kazımov Azərbaycan hökumətinin böyük dəstəyi və diqqəti sayəsində bu idman növünün ölkəmizdə surətlə inkişaf etdiyini, ARSMEİF-nın bu idman növü üzrə yarışların hazırlanması və keçirilməsi üçün gənc kadrların, milli hakimlərin və məsafə quraşdırılması üzrə mütəxəssislərin hazırlanmasına böyük diqqət ayırdığını bildirib. Bildirilmişdir ki, bu məqsədlə ölkəmizə xarici mütəxəssislər dəvət olunur, müxtəlif treninq, seminar və praktik məşğələlər keçirilir.

Qeyd edək ki, Beynəlxalq Səmti Müəyyən Etmə Federasiyasının təşkilatçılığı ilə iyulun 6-dan 14-dək Finlandiyanın Vuokatti şəhərində səmti müəyyən etmə idman növü üzrə Dünya Çempionatı keçiriləcək. Ölkəmiz müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq bu Çempionatda təmsil olunur. Milli yığmamızın tərkibinə 4 idmançı: Mirəli Kazımov, Faiq Bağırov, Yana Maşkova və Natalya Əliyeva daxildir.

Xəbər 705 dəfə oxundu.