Burak Yılmaza 17 milyon sterlinq
«Qalatasaray» ulduzu Burak Yılmaz Avropanın gündəmindən düşmür. İdman.com.az saytı xəbər verir ki, ötən mövsüm Superliqada 24 qolla bombardir olan və Çempionlar Liqasında da rəqib qapıya vurduğu 8 qolla ulduzlaşan Burakla son olaraq «Tottenhem»in maraqlandığı bildirilir. Transferdə kisənin ağızını açan London klubunun «Qalatasaray»lı Burak Yılmazla maraqlandığı qeyd edilir.

«Eurosport»un xəbərinə görə, ingilis klubu 27 yaşlı Burak üçün 17 milyon funt təklif edir. Digər tərəfdən transfer işlərini davam etdirən «Qalatasaray» «Şalke»də forma geyinən Farfan üçün alman klubundan cavab gözləyir. Uzun müddətdir perulu oyunçu üçün cəhdlərini davam etdirən istanbullular, son olaraq «Şalke»ye 7.5 milyon avro təklif ediblər.

Ancaq 28 yaşlı oyunçunun ildə 3 milyon 200 min avro qazanması və alman klubunun Farfanı buraxmağa meylli olmaması transferin rəsmiləşməsinə maneə törədir. Bununla belə Türkiyə Futbol Federasiyasından çıxması gözlənilən yeni xarici oyunçu qaydasını da gözləyən «Qalatasaray» rəhbərliyi Farfan üçün cəhdlərini davam edəcək.

Xəbər 876 dəfə oxundu.