FİA etiraz etmədi
Dörd maşının sol arxa təkərində partlayışın baş verdiyi Silverstoun yarışından sonra FİA baş vermiş problemin həlli üçün Pirelli şirkətinə test keçirməyə icazə verib. Bu gün məlum olub ki, FİA iyulun ortalarına planlaşdırılan gənc sürücülərin testlərində də komandaların əsas sürücülərindən istifadə etməsinə etiraz etməyib.

FİA-nın prezidenti Jan Todtun: "Təhlükəsizlik - bizim Formula1-də ən ümdə məsələdir, Silverstounda baş verən insidentlər isə sürücülərin təhlükəsizliyi baxımından ciddi narahatlıq doğurur.

Biz qərara almışıq ki, qarşıdakı gənc sürücülərin testləri reqlamentində də dəyişiklik edək - komandalara problemin həlli üçün zəruri hesab etdikləri sürücüləri testlərə çağırmağa icazə verilir. Mən hesab edirəm ki, problemlərin üzə çıxdığı trasda testlərin keçirilməsi daha doğrudur."

Silverstounda iyulun 17-19-da keçirilməsi planlaşdırılan testlərdə komandalar son ildə iki Qran Pridən çox yarışan sürücünü işə cəlb edə biləcəklər - məhz reqlament bunu qadağan edirdi, amma testlərdə əsas məsələPirelli təkərləri ilə işləmək olacaq. Lazım olarsa, testlər daha bir gün uzadıla bilər - bu bir gündə komandalar gənc sürücülərlə işləyə bilərlər.

Testlərin formatının dəyişdirilməsinə baxmayaraq, Mercedes AMG komandası Beynəlxalq Tribunalın son qərarına əsasən testlərə qatılmayacaq.

FİA öz növbəsində Pirelli-dən zəmanət istəyib ki, Silverstounda baş verənlər bu həftə keçirilən Almaniya Qran Prisində, eləcə də növbəti yarışlarda təkrarlanmayacaq...

Xəbər 773 dəfə oxundu.