Əliyev Vaqif Cəfər oğlu
Vaqif Cəfər oğlu Əliyev 28 dekabr 1945-ci ildə Masallı şəhərində anadan olub.
1961-ci ildə Masallı şəhər 1 №-li orta məktəbini bitirib, 1963-cü ildə Azərbaycan Dövlət Bədən tərbiyəsi və İdman institutuna daxil olub.
1964-1967-ci illər ərzində Almaniyada keçmiş Sovet Ordusu sıralarında hərbi xidmətini başa vurduqdan sonra yeniden təhsilini AzDBTİ-də davam etdirib.
1970-ci ildə Az.DBTİİ-nu fərqlənmə diplomu ilə bitirdikdən sonra hal-hazırki vaxta kimi təşkilati işlərdə, daima məsul və rəhbər vəzifələrdə ölkədə bədən tərbiyəsi və idmanın inkişafında xüsusi xidmət göstərib/
Ayrı-ayrı vaxtlarda Bakı şəhər Bədən Tərbiyəsi və İdman Komitəsində, Azərbaycan SSR Nazirlər Soveti yanında Respublika Bədən Tərbiyəsi və İdman Komitəsində, keçmiş SSRİ Nazirlər Soveti yanında Dövlət Bədən tərbiyəsi və İdman Komitəsində, “Spartak”, “Məhsul”, “Neftçi” idman cəmiyyətlərində və Həmkarlar İttifaqları KBTİC Respublika Şurasında çalışıb. 1987-ci ildən fəaliyyətləri dayandırılmış Həmkarlar ittifaqları İdman təşkilatlarının (o cümlədən “Məhsul”, “Neftçi”, “Spartak”, “Zenit”, “Lokomotiv”, “Burevestnik” (Gənclik), “Xəzər” (Vodnik) yenidən bərpa olunmalarında böyük xidməti olub.
Ölkəmizdə ilk dəfə olaraq 1993-cü ildə məhz V.Əliyevin fəal iştirakı ilə yeni bir idman qurumu Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası (AHİTA) təsis edilmiş və ilk gündən AHİTA-ya prezident seçilən V.Əliyev 2006-cı ilədək bu quruma rəhbərlik edib.
Bu illər ərzində V.Əliyev eyni zamanda AHİTA-nın da üzv olduğu mötəbər bir beynəlxalq idman qurumunun - İdman təşkilatlarının beynəlxalq Konfederasiyasının (MKSO) vitse-prezidenti vəzifəsində MDB dövlətləri arasında bədən tərbiyəsi və idmanın əlaqələrinin daha da genişlənməsində və möhkəmlənməsində fəal xidmət göstərib.
1994-cü ildə Gənclər və İdman Nazirliyi yarandığı vaxtdan 2007-ci ilə kimi 13 il ərzində V.Əliyev nazirliyin kollegiya üzvü olmuşdur.
1992-ci ildən 2009-cu ilədək Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü olub.
V.Əliyev XXVI, XXVII və XXVIII Olimpiya Oyunlarına respublika idmançılarının hazırlığı üzrə Olimpiya Qərargahının üzvü olub.
Müstəqillik dövründə Azərbaycan Respublikasında keçirilən ən böyük kompleks tədbirlərin, o cümlədən “Zəhmətkeşlərin Respublika Spartakiadalarının” və “Yeniyetmələrin Respublika Oyunlarının” daima əsas təşkilatçılardan biri və baş hakimi olub.
Azərbaycan Respublikasında voleybol idman növünün inkişafı, yüksək səviyyəli idmançıların hazırlanması sahəsində V.Əliyev 40 ildən artıqdır ki, yorulmadan çalışır. 1971-1977-ci illər ərzində Azərbaycan respublikasında voleybol üzrə dövlət məşqçisi vəzifəsində işləyərək voleybol idman növünün ölkəmizdə inkişafına bilavasitə rəhbərlik edib. 1997-ci ildən bu günə kimi Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti vəzifəsində fəaliyyətini davam etdirir.
V.Əliyev ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı üzrə qəbul olunmuş bir çox dövlət səviyyəli sənədlərin hazırlanmasında daima yaxından iştirak edir.
V. Əliyev ölkədə bədən tərbiyəsi və idmanın inkişafında göstərdiyi xidmətlərinə görə 2000-ci ildə Respublikanın “fəxri bədən tərbiyəsi və idman işçisi” adını almış, 2006-cı ildə isə Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2006-cı il tarixli sərəncamına əsasən “Azərbaycan Respublikasının Əməkdar Bədən tərbiyəsi və İdman Xadimi” adına layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə V.C.Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Xəbər 3817 dəfə oxundu.