Səmti Müəyyən Etmə İdmanı üzrə sertifikatlar təqdim olunub
İyunun 28-dən iyulun 2-dək Bakıda Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyasının təşkilatçılığı ilə Moldova Səmti Müəyyən Etmə Federasiyasının bu idman növü üzrə mütəxəssisi Tatyana Bakulinanın iştirakı ilə “Səmti Müəyyən Etmə idmanı üzrə keçirilən yarışlarda hakimlər kollegiyasının işinin təşkili, nəzarət məntəqələrinin qoyulması və elektron qeydiyyat sistemlərinin tətbiqi” adlı seminar keçirilib.

Seminarda 20-yə yaxın azərbaycanlı mütəxəssis iştirak etmişdir. İştirakçılara Tatyana Bakulina tərəfindən elektron qeydiyyat avadanlıqla işin təşkili, OCAD proqramı üzrə xəritələrin yarış üçün hazırlanması, yarış zamanı katibliyin vəzifə və öhdəlikləri mövzularında məruzələr oxunmuş, təcrübə üçün müxtəlif tapşırıqlar verilib. OCAD - xəritələrin hazırlanması üzrə proqramdır. OCAD ilkin olaraq səmti müəyyən etmə idmanı üçün xəritələrin hazırlanmasını nəzərdə tutmuşdur, daha sonra isə səmti müəyyən etmə üzrə dünya səviyyəsində tanınan standart olub.
Seminarın rəsmi bağlanma mərasimində iştirakçı azərbaycanlı mütəxəssislərə sertifikatlar təqdim olunub.

Xəbər 780 dəfə oxundu.