Avarçəkənimiz Avropa çempionatının gümüş medalını qazandı!
Polşanın Kruşvitsa şəhərində akademik avarçəkmə üzrə yeniyetmə oğlan və qızlar arasında I Avropa çempionatına yekun vurulub. 18 yaşadək avarçəkənlərin qatıldıqları yarışda Azərbaycanın yeganə təmsilçisi Boris Yotov uğurla çıxış edib. 16 yaşlı idmançımız 1 nəfərlik qayıqla (JM1X) 2000 metr məsafəyə yürüşdə gümüş medal qazanıb.

Avropa çempionatının ilk günündə Yotov seçmə mərhələ yürüşünə qatılıb. İstedadlı avarçəkənimiz Latviya, Çexiya, Litva, Slovakiya və Estoniyadan olan rəqibləri ilə mübarizədə birinci yeri tutub. Təmsilçimiz 2000 metr məsafəni 7 dəqiqə 42,45 saniyəyə qət edib. O, ən yaxın rəqibi – latviyalı Gints Zundeni 4,83 saniyə qabaqlayıb. Bu nəticə ilə Yotov birbaşa əsas finala vəsiqə qazanıb. Həlledici mərhələdə isə avarçəkənimiz gümüş medala sahib olub. O, yalnız ukraynalı Andrey Mixaylovdan 2 saniyə geri qalıb. Yürüşün startından təşəbbüsə yiyələnən Mixaylov sonadək liderliyi əldən verməyib.
Qeyd edək ki, Boris Yotov Azərbaycanın ən istedadlı akademik avarçəkənlərindəndir. Cəmi 16 yaşının olmasına baxmayaraq, o, 18 yaşlılar arasında uğurlu nəticələri ilə diqqət çəkir. Yotov Polşaya milli komandamızın məşqçisi Yuliana Stoyevanın rəhbərliyi altında yollanıb. Avarçəkənimiz çempionat öncəsi Almaniyanın Münhen şəhərində “Internationale DRV-Junioren-Regatta” turnirində qızıl, Rusiyanın paytaxtı Moskvada isə Beynəlxalq Dostluq reqatasında gümüş medala sahib olub. O, eyni zamanda Almaniyada böyüklərdən ibarət yığmamızla birgə təlim-məşq toplantısında iştirak edib.

Xəbər 1274 dəfə oxundu.