İtaliya polisinin hücum kombinasiyası
İtaliyada növbəti futbolətrafı qalmaqal qalxıb. Maliyyə polisi 41 klubun ofisində axtarış aparıb və onların sırasında 18 «A» Seriya təmsilçisi də olub. İdman.com.az saytı xəbər verir ki, elit divizion təmsilçilərindən savayı polis «B» Seriyadan 11, daha aşağı dəstələrdən isə 12 klubun da maliyyə vəziyyəti ilə maraqlanıb.

Bundan əlavə vergi sahəsində fəaliyyəti polisin diqqətini çəkən 12 futbol agenti də şübhə altındadır. Bu agentləri sırasında Alexandro Massoni və Alessandro Mocci də var. Mocci daha öncə atası «Yuventus»da baş direktor işləyərkən öz agentləri olan futbolçulara Turin klubuna düzəlməyə söz verdiyinə görə cəzalandırılmışdı. Bundan əlavə o, 2006-cı ildə İtaliya çempionatında danışılmış oyunlarla bağlı qalmaqalda da əsas fiqur idi.

İndiki yoxlamaya əsası vergidən yayınma və Mocci ilə Massoniyə aidiyyatı olan futbolçuların transferlərində pul yuyulması halları ilə bağlı şübhələr verdi. Axtarış orderini Neapol məhkəməsi verdi. Nəticədə maliyyə fırıldaqları ilə bağlı ola biləcək sənədlər müsadirə edilib. İndi 12-yə yaxın prokurorun da köməkliyi ilə vergi məmurları klubların transfer sazişlərini, eləcə də futbolçuların və agentlərinin müqavilələri araşdırır. Vergidən yayınma üçün saxta sənədlərin istifadəsi də güman edilir.

Şübhə altına alınan klublar sırasında «Palermo», «Peskara», «Atalanta», «Yuve Stabiya», «Benevento», «Cenoa», «Kataniya», «Spesiya», «Pyaçensa», «Livorno», «Bari», «Viçensa», «Syena», «Recina», «Parma», «Kyevo», «Fiorentina», «Portoqruaro», «Triestina», «Sampdoriya», «Ternana», «Leççe», «Qubbio», «Qrosseto», «Çezena», «Mantuya», «Torino», «AlbinoLeffe», «Yuventus», «Milan», «Napoli» və «Latsio» var.

Xəbər 1148 dəfə oxundu.