Bakıda Beynəlxalq Olimpiya günü qeyd olundu

Ötən bazar günü, iyunun 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilmiş təntənəli tədbir sayca XXV idi.

1947-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Stokholmda keçirilən 41-ci sessiyasında təşkilatın Çexoslovakiyadan olan üzvü doktor Qruss dünya olimpiya günü bayramını keçirmək təklifi ilə çıxış edərək, hər il belə bir günün qeyd olunmasının olimpiya ideallarının təbliğində mühüm rol oynayacağını əsaslandırmışdı.
Onun təklif etdiyi layihə bəyənilərək, BOK-nın 1948-ci ilin yanvarında Sankt-Moritsdə keçirilmiş 42-ci sessiyasında olimpiya gününün keçirilməsi haqqında qərar qəbul olunub. Sessiya olimpiya bayramını iyunun 17-dən 24-dək olan müddətdə qeyd etməyi məqsədəuyğun sayıb. Bu tarixin seçilməsi iyunun 23-nün BOK-nın yaradılması günü olması ilə bağlıdır.
1-ci Olimpiya günü 1948-ci il iyunun 23-də, dünyanın 9 ölkəsində - Portuqaliya, Yunanıstan, Avstriya, Kanada, İsveçrə, Böyük Britaniya, Uruqvay, Venesuela və Belçikada qeyd olunub. Həmin gün BOK-un prezidenti Ziqfrid Edstrom dünyanın bütün gənclərinə müraciətlə çıxış edib. Sonralar BOK prezidentinin Olimpiya günü ərəfəsində bayram iştirakçılarına müraciət etməsi ənənə şəklini alıb.
Olimpiya gününü daha təntənəli şəkildə və bütün milli olimpiya komitələrinin iştirakı ilə qeyd etmək məqsədi ilə ilk dəfə 1987-ci ildə Olimpiya Qaçış Günü keçirilmişdi. 1-ci Olimpiya qaçışı qadınlar və kişilər arasında 10 kilometr məsafəyə təşkil olunub. Olimpiya qaçış günlərində keçirilən yarışların proqramı sonralar genişlənib.
Son illərdə Beynəlxalq Olimpiya Günündə idmanın başqa növləri üzrə yarışların və müxtəlif mədəni-kütləvi tədbirlərin keçirilməsi ənənə şəklini alıb. Qeyd etmək lazımdır ki, yarış iştirakçıları üçün heç bir yaş və cins məhdudiyyəti qoyulmur. Bütün bunlar Olimpiya Gününün kütləviliyini daha da artırır. Həmin gün BOK-nın himayəsi altında, onun kütləvi idman Komissiyasının rəhbərliyi ilə keçirilir.
Azərbaycanda Beynəlxalq Olimpiya Qaçış Günü ilk dəfə 1996-cı ildə keçirilib. O vaxtdan hər il bu ənənə təkrarlanır.
Ötən bazar günü, iyunun 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilmiş təntənəli tədbir sayca XXV idi. Mərasimdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman Nazirliyi idman şöbəsinin müdiri Mirkamil Rəhimov, Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Laynel Ku, "Coca-Cola" şirkətinin satış üzrə meneceri Qabil Əhmədov iştirak ediblər. Onlar çıxışlarında ölkə idmanının gündən-günə inkişaf etdiyini bildirib, beynəlxalq arenalarda qazandığımız qələbələdən danışıblar.
Tədbirin rəsmi hissəsi iştirakçıların paradı ilə başa çatıb. Sonra geniş mədəni proqram çərçivəsində mahnı və rəqs ansambllarının, idman kollektivlərinin nümunəvi çıxışları olub.
Yüksək səviyyədə təşkil edilmiş XXV Beynəlxalq Olimpiya Günündə Bakı və Sumqayıt şəhərlərindən 500-dən çox qaçış həvəskarı, o cümlədən xarici vətəndaşlar iştirak ediblər.
Yarışlarda ilk 3 yeri tutan iştirakcılar xüsusi mükafatlar və BOK diplomları ilə təltif olunublar. Bütün iştirakçılar BOK-nin qaçışda iştirakı təsdiq edən sertifikatını alıblar. Yarışların ən yaşlı iştirakçısının 70, ən kiçik iştirakçının isə 6 yaşı vardı.
Tədbirin yekununda Çingiz Hüseynzadə fikirlərini "İdman"ın müxbiri ilə bölüşüb. O deyib ki, təşkil edilmiş bu tədbiri yarışdan çox, bayram adlandırmaq olar:
- Bildiyiniz kimi, iyunun 23-ü Beynəlxalq Olimpiya Komitəsinin yaranma günüdür. Bu münasibətlə müxtəlif ölkələrdə müəyyən tədbirlər keçirilir. Bizdə də həmin ərəfədə kütləvi tədbir - Beynəlxalq Olimpiya Günü təşkil olunur. Düzdür, burada iştirakçılara yekunda hədiyyələr təqdim edildi. Amma bu, rəmzi xarakter daşıyırdı. Əslində isə, tədbirimiz sağlamlıq, həmrəylik bayramıdır. Məqsəd idmançıların olimpiya ruhunda tərbiyə olunmasıdır.
Azərbaycanda atletika idman növünün ümumi vəziyyətinə gəldikdə, hazırda bir idmançımız London olimpiadasına normativləri yerinə yetirib. Bu proqramda vəsiqələrin sayının minimum 4 və ya 5 olacağını ehtimal edirəm. Bir məqamı da vurğulayım ki, hədəfimiz təkcə lisenziya qazanmaq deyil, olimpiadada fəal iştirakdır.

Xəbər 1808 dəfə oxundu.