«Neftçi» ilk mərhələnin mərkəzi duelində

«Qarabağ» yenə ümidləri alovlandırmalıdır


İsveçrənin Nyon şəhərində yeni mövsüm avrokuboklarının ilkin təsnifat mərhələlərinin püşkü atılıb. Cəmi 4 klubun qatıldığı birinci raunddan azad olan ölkə çempionu «Neftçi» püşkün tərs üzünə rast gəlib. Komanda Xorvatiya çempionu, 100 yaşını qeyd edən Zaqreb «Dinamo»su ilə üz-üzə gələcək. Bu oyunu UEFA-nın rəsmi saytı mərhələnin iki mərkəzi duelindən biri adlandırıb. «Ağ-qaralar» ilk oyunu iyulun 12-13-də səfərdə, bir həftə sonra isə Bakıda keçirəcək. Ümumiyyətlə, ikinci təsnifatda 17 cütlük meydana çıxacaq.
Avropa Liqasının ilk iki təsnifat mərhələsində isə mübarizə aparacaq 105 klubdan 3-ü Azərbaycanı təmsil edir. Birinci mərhələdən yarışa qoşulacaq «Qarabağ» münasib rəqiblərə sevinə bilər. İyunun 30-da Ağdam təmçilçisi Litvada «Banqa»nın qonağı olacaq. İyulun 7-də isə rəqibini Bakıda qəbul edəcək. Sonrakı mərhələyə adlasa, komanda Farer adalarına yola düşəcək və iyulun 14-də «Streymur»un qonağı olacaq. Düz bir həftə sonra yenidən Bakıda rəqibini yarışdan kənar qoymağa çalışacaq.
Birinci raundda AzAL-ın rəqibi Belarus «Minsk»i olacaq. Təmsilçimiz ilk oyunu səfərdə keçirəcək. Sonrakı matç Bakıya təyin olunub. Bu səddi aşarsa, «təyyarəçilər» qardaş Türkiyənin «Qaziantəpspor»unu qəbul edəcək və bir həftə sonra səfərə çıxacaq.
Ölkə kubokunun sahibi olduğundan «Xəzər Lənkəran» birinci mərhələ sınağından azaddır. Amma ikinci raunda ilk sınaq elə də asan olmayacaq. Cənub təmsilçimiz Tel Əviv «Makkabi»sini iyulun 14-də doğma azarkeşlər önündə sınağa çəkib, bir həftə sonra İsrail paytaxtında cütün taleyinə aydınlıq gətirməlidir.

Xəbər 950 dəfə oxundu.